“Hakimlərlə əlaqə qurmaq çətindir”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
Deputat məhkəmə hakimlərinin millət vəkillərinin telefon zənglərinə cavab verməməsindən narazılığını ifadə edib.
O qeyd edib ki, bəzi hakimlər deputatların zənglərini məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə kimi qiymətləndirirlər: “Hakimlərlə əlaqə qurmaq bir qədər çətindir. Zəng etdiyim hakim telefonunda zəngin Milli Məclisin qəbul otağından edildiyini görür. Ancaq bir neçə dəfə israrla zəng etdikdən sonra telefonu götürür. Bəzi hakimlər düşünürlər ki, millət vəkili zəng edirsə, bu, müstəqil məhkəmə hakimiyyətinə müdaxilədir. Halbuki onlar nəzərə almalıdırlar ki, biz müdaxilə etmək məqsədilə zəng etmirik. Sadəcə, yanımızda şikayətçi olur və onun müraciəti ilə bağlı əlaqə saxlayırıq. Konstitusiyamıza görə, məhkəmə hakimiyyəti müstəqildir. Bəzi hakimlər bu hüquqdan sui-istifadə edərək özləri üçün qoruyucu çətir yaradırlar ki, şikayət obyektiv araşdırılmasın. Hesab edirəm ki, bu məsələ diqqətdə saxlanılmalıdır”.
H.Babaoğlu, həmçinin ayrı-ayrı rayonlarda baş vermiş hadisələrlə bağlı məhkəmə işlərinə başqa rayonların məhkəmələrində baxılması hallarının aydınlaşdırılmasının vacibliyini vurğulayıb.
Deputat bildirib ki, bəzən bir rayonda baş vermiş hadisə ilə bağlı işə başqa rayonun məhkəməsində baxılır və bu məsələyə aydınlıq gətirilməlidir: “Mənim seçicim olmadığı halda, bu işlərlə məşğul olmağa məcbur oluram. Çünki qərar mənim seçildiyim rayonda qəbul olunub”.
Şəbnəm Mehdizadə
