Məzmuna keç

“Azərbaycanda hakimlərin maaşı 10 min manatdan yüksək olmalıdır”

“Hakimlərin maaşını qaldırmaq lazımdır. Onların maaşları ilə müqayisədə işləri daha çoxdur. Elə məhkəmələr var ki, orda bir hakimin baxışında onlarla iş var”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

O bildirib ki, hakimlərin yaş və maaş məsələsi daim diqqətdə saxlanılmalıdır: “Hakimlərə mütləq intellektual düşüncə, intellektual çalışmalar lazımdır. Buna görə də hakimlərin maaşını artırmaq lazımdır. Bu olmadıqca, hakimlərin əlində müəyyən bəhanəsi olacaq ki, dolanışıq şərtləri çətindir. Təbii ki, indi hər şeyi vicdanın öhdəsinə buraxmaq olmaz çünki hakim də cəmiyyətin bir üzvüdür, ailəsi, uşaqları var. Dövlət düşünməlidir ki, bir hakimin rüşvətdən uzaq və ədalətli qərar çıxartması üçün nə edilməlidir”.

Millət vəkili hesab edir ki, təcrübəsiz insanları hakim postuna gətirmək ənənəsi bir qədər problemlər yaradır: “Onlar sanki əziyyətsiz bu mərtəbəyə yetişəndə hər şeyi edə biləcəklərini düşünürlər. Bunun da nəticəsi rüşvət və ya həbslə yekunlaşır. Hakimlərin korrupsiya hüquqpozmaları və rüşvət hallarına qarşı mübarizə aparılmalıdır, amma problem elə həll edilməlidir ki, bu kimi hadisələr təkrarlanmasın və bəhanə yaranmasın. Elə şərait yaradılmalıdır ki, hakimlər vicdanla işləsin, obyektiv qərarlar çıxarsın”.

F. Mustafa hazırda Azərbaycanın məhkəmə sistemində olan problemlərə də toxunub: “Məsələn, birinci məhkəmə instansiyası qərar çıxarır, apellyasiya onu təsdiq edir, Ali Məhkəmə pozur. Elə olur ki, apellyasiya şikayəti qəbul etmir, amma Ali Məhkəmə təsdiq edir. Onda qanunvericilik tətbiqi ilə bağlı təzad yaranır. Necə olur ki, üç stansiya məhkəməsi bir-birinə zidd qərarlar verir? Burada məhkəməyə müəyyən dərəcədə yol tapıb, özünə uyğun olan qərarı rahatlıqla çıxaran mexanizmdən söhbət gedir. Bunun üzərində düşünmək lazımdır ki, məhkəmələr qanunvericiliyin tətbiqində bir-birinə yaxın standartları gözləyə bilsinlər. Bu da bir narahatedici məqamdır. Bütün hallarda korrupsiyaya qarşı mübarizə bütün sferalarda, həmçinin, məhkəmə sistemində getməlidir Amma hakimlərin əməkhaqqı minimum 10 min manatdan yuxarı qaldırılmalıdır. Çünki indiki maaşla hakimlərin normal şərtlərdə fəaliyyət göstərməsi çox çətindir”.

Rəşid Qarayev