Koronavirus infeksiyası yaymaqda ittiham olunaraq həbs olunan Məmməd Ağayev və oğlu Elvin Ağayev məhkəmədə bəraət aldıqdan sonra mənəvi zərərlə bağlı iddia qaldırıblar.
Bunu e-huquq.az-a açıqlamasında vəkil Ayazbəy Əhmədov bildirib.
O qeyd edib ki, Maliyyə Nazirliyinə qarşı qaldırılan iddiaya Nəsimi Rayon Məhkəməsində hakim Natavan Tağıyevanın sədrliyi ilə baxılıb: "İddialar qismən təmin edildi. Belə ki, məhkəmə 7 ay qanunsuz həbsdə saxlanıldığına və mənəvi zərərə görə, Elvin Ağayevə 7 min, atası Məmməd Ağayevə isə min manat ödənilməsi barədə qərar qəbul etdi".
İttihama görə, hər iki şəxs COVİD-19-a yoluxmalarından şübhələnərək test veriblər. Elə həmin gün də testin cavabını alıb, virusa yoluxduqlarını bildikləri halda, Bakıya yola düşüblər.
Onlar Bakıya gələrkən mindikləri taksilərin sürücüləri və ünsiyyətdə olduqları başqa insanlar arasında xəstəliyin yayılması üçün real təhlükə yaradıblar və Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə ittiham edilərək məhkəmə önünə çıxarılıblar.
Vəkil Ayazbəy Əhmədov
Onların vəkili Ayazbəy Əhmədov məhkəməyə xəstəxanaya verdiyi sorğunun cavabını təqdim edib. Sənəddən məlum olub ki, onlar koronavirusla bağlı testin cavabını beş gün sonra alıblar. Həmin vaxt isə ata və oğul artıq Bakıda xəstəxanada müalicə olunurmuşlar. Yəni, Bakıya gələndə hələ virusa yoluxduqlarını bilmirdilər.
Xətai rayon Məhkəməsi onlara bəraət verib. Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə qərarı qüvvədə saxlayıb.
