Məzmuna keç

Deputat: “Qazaxıstan və Azərbaycan münasibətləri özünün ən yüksək dövrünü yaşayır”

"Qazaxıstan Prezidenti cənab Jomart Tokayevin Azərbaycana səfəri çərçivəsində imzalanmış sənədlər, qarşılama mərasimi, Prezidentlər arasında səmimiliyi ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi hesab edirəm".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Millət vəkili bildirib ki, Qazaxıstan və Azərbaycan oxşar tarixə, mədəniyyətə və milli köklərə malikdir. Bu səmimi münasibətlər ölkələrimiz arasındakı dostluğu, qardaşlığı gücləndirir və əməkdaşlıq üçün yeni imkanlar açır: "Ümumilikdə Qazaxıstan Prezidentinin ölkəmizə səfəri çərçivəsində 20-dən çox sənəd imzalanıb. Bu sənədlər həm iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir, həm də humanitar sahədə əməkdaşlığı özündə əks etdirir. Hesab edirəm ki, iqtisadi potensial çox genişdir, çünki Azərbaycan və Qazaxıstanın yerləşdiyi çoğrafi mövqe bu əməkdaşlığın müasir dövrün çağırışlarına uyğun genişləndirilməsi üçün yeni imkanlar açır. Bizim ölkələrimiz arasındakı əlaqələrin gedişatının yeni mərhələyə qədəm qoyması yeni dövrə keçid üçün imkanlar açır. Eyni zamanda işğaldan azad olunmuş ərazilərimizin yenidənqurulması və bərpa işlərində Qazaxıstanın geniş iştirakı təmin olunacaq. O cümlədən Qazaxıstanın paytaxtı Astananın məzkəzi prospektlərindən biri Heydər Əliyev adını daşıyacaq. Bütün bunlar onu göstərir ki, iki ölkə arasındakı münasibətlər özünün ən yüksək dövrünü yaşayır. Bu münasibətlər ölkələrimizin daha da yaxınlaşmasına xidmət dəcəkdir. Təbii ki, bu münasibətlərin yüksək səviyyədə olması ölkələrimizin sosial inkişafına da öz təsrini göstərəcəkdir".

Rəşid Qarayev