"Hər hansı bir əməliyyat həyata keçirilmədən Laçın şəhəri, Zabux və Sus kəndləri boşaldıldı. Bu, tarixi hadisədir, Azərbaycanın hərbi, siyasi qələbəsidir. Nəzərə alsaq ki, Ermənistan cəmiyyəti hələ psixoz vəziyyətdən çıxmayıb və orada kifayət qədər müharibə çağırışları səsləndirən revanşist qüvvələr də var. Buna görə müharibə ehtimalı qalırdı, əsgərlərimiz şəhid ola bilərdi. Çox şükürlər olsun ki, müharibəsiz, itkisiz, Laçın şəhərini, Zabux və Sus kəndlərini boşaltdılar".
Bu barədə e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.
Deputatın sözlərinə görə, müharibədən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq erməni separatçıları və onların xaricdəki havadarları kifayət qədər maneçiliklər törətdilər ki, 10 noyabr üçtərəfli bəyanatının bütün bəndləri icra edilməsin: “Baxmayaraq ki, həmin razılaşmaya əsasən, Laçın dəhlizi adlandırılan Ermənistanla Azərbaycanın Qarabağ bölgəsini birləşdirən əraziyə yol çəkmək nəzərdə tutulmuşdu. Azərbaycan qısa zaman kəsiyində bu yolu icra etdi. Lakin ermənilər öz ərazilərində olan qısa bir məsafəni çəkmədilər, ərazini tərk etmək zamanı gəldikdə isə ermənilər təxribatlar törətməyə başladılar. Bir Azərbaycan əsgəri şəhid oldu və Ali Baş Komandanın əmri ilə “Qisas” əməliyyatı həyata keçirildi. Qısa zaman kəsiyində orada ermənilərin hərbi kazarmaları darmadağın edildi, şəhidimizin qisası artıqlaması ilə alındı. Bir neçə erməni əsgəri məhv edildi, bir çoxları yaralandı. “Qisas” əməliyyatı ermənilərə bir daha xatırlatdı ki, “Dəmir yumruq” yerindədir".
N. Məhəməliyev qeyd edib ki, .Azərbaycan Ermənistanı imzaladığı bütün öhdəlikləri icra etməyə məcbur edəcək: “Çox şükürlər olsun “Qisas” əməliyyatından sonra erməni tərəfi məsələnin ciddiliyini kifayət qədər qəbul elədi. Hər hansı bir əməliyyat həyata keçirilmədən Laçın şəhəri, Zabux və Sus kəndləri boşaldıldı. Bir daha qeyd edirəm ki, bu, Azərbaycanın hərbi, diplomatik qələbəsinin nəticəsidir. Xalqımız bunu yüksək əhval ruhiyyə ilə qarşıladı. Bir daha əmin oldu ki, Prezident İlham Əliyev nə planlaşdırmışdısa, bəyan etmişdisə, söz vermişdisə, hamısını icra edir. Sadəcə bəzi məsələlərin zamana ehtiyacı olur. Onlar da təbii ki, öz həllini zamanla tapacaq. Mən Ali Baş Komandana təşəkkür edirəm, müzəffər Ordumuza təşəkkür edirəm və Laçınlıları təbrik edirəm”.
Rəşid Qarayev
