Xəbər verdiyimiz kimi, avqustun 27-də Şuşada işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlərə və planlara, postmünaqişə dövründə minatəmizləmə əməliyyatlarına və şəhərsalma potensialının istifadə edilməsinə, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunmuş konfrans keçirilib. Tədbirə beynəlxalq diplomatik korpusun nümayəndələri, xarici dövlətlərin Azərbaycandakı səfirləri, hərbi attaşelər, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə qatılıb. Lakin ötən konfranslarda olduğu kimi, bu dəfə də ABŞ və Fransanın ölkəmizdəki səfirləri Azərbaycan hökumətinin dəvətini qəbul etsələr də, Şuşada keçirilən tədbirə qatılmayıblar.
E-huquq.az məsələ ilə bağlı ictimai-siyasi şəxslərin mövqeyini öyrənib.
Milli Məclisin deputatı Aydın Hüseynov e-huquq.az-a açıqlamasında deyib ki, Azərbaycanın çağırışlarına məhəl qoymamaq hörmətsizlik deməkdir: "Bölgədə artıq sülhə doğru çox böyük addımlar atılıb. Region ölkələri üçün və eyni zamanda dünya üçün yeni iqtisadi layihələr, yeni inkişaf istiqamətləri müəyyənləşib. Azərbaycan daim terrora qarşı mübarizə aparan dövlətlər sırasında olmuşdur. Azərbaycan dünyada humanist addımlar atır. Dünyanın hansı bölgəsində humanitar böhran yaranırsa, Azərbaycan ora öz köməkliyini göstərir, bu, pandemiya dövründə də özünü sübut etdi. Azərbaycan demokratik prinsiplərə söykənən dünyəvi dövlət quruculuğuna töhfələr verib. Azərbaycanın bu addımlarına biganə qalmaq, əlbəttə, hörmətsizlik deməkdir. Fransanın mövqeyi bəllidir, Vətən müharibəsində də, ondan əvvəlki proseslərdə də gördük. Bununla belə, onların mövqeyi heç də Azərbaycanı tutduğu yoldan çəkindirə bilməz, çünki Azərbaycanın mübarizəsi xalq mübarizəsidir. Bizim mübarizəmiz beynəlxalq hüquqa, qarşılıqlı anlaşmaya, qarşılıqlı etimada söykənir. Ona görə də hesab edirəm ki, həm Fransanın, həm də ABŞ-ın Suşada keçirilən beynəlxalq konfrasda iştirak etməməsi Azərbaycan xalqında təəssüf hissi doğurur, digər tərəfdən biz bunu hörmətsizlik kimi qəbul edirik".
Politoloq Yusif Bağırzadə isə e-huquq.az-a açıqlamasında bildirib ki, ABŞ və Fransa səfirlərinin Azərbaycan hökumətinin dəvəti ilə Şuşaya getməkdən imtina etməsi ikili standartlardan irəli gəlir:
"Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması ilə bağlı heç bir addım atmamışdı. Birinci Qarabağ müharibəsində Ermənistanın işğalı nəticəsində itkin düşmüş minlərlə azərbaycanlının taleyi bu günə qədər naməlumdur. Onların tapılması, Azərbaycana təhvili istiqamətində ABŞ və Fransa hansı işləri gördü? Heç bir fəaliyyət olmadı. Eyni zamanda Xocalı soyqırımı ilə bağlı, mədəni və tarixi abidələrimizin məhv edilməsi ilə əlaqədar bu qrupa daxil olan dövlətlərin nümayəndələri tərəfindən heç bir iş görülmədi. Onlar 30 ilə yaxın müddətdə münaqişənin dondurulmasına və Ermənistan tərəfinə xidmət ediblər. Ancaq Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Ordumuzun gücü və xalqımızın dəstəyi ilə torpaqları düşməndən azad etdi. Bildiyiniz kimi, Laçın şəhəri və ətrafında olan digər kəndlər də düşmən tapdağından azad olundu və hesab edirəm ki, bundan böyük qələbə ola bilməz. Fransa və ABŞ-ın Azərbaycandakı səfirlərinin Şuşadakı konfransda iştirak etməməsi məsələsinə gəlincə isə hesab edirəm ki, onlar tədbirə qatılmalı idilər və yaxud iştirak edə bilməyəcəkdilərsə, bunun səbəbi barədə mütləq məlumat verməli idilər. Onların bu münasibəti təmsil etdiyi dövlətlərə başucalığı gətirmir. Azərbaycan ümumiyyətlə, işğaldan azad olunmuş torpaqlarda keçirilən tədbirlərlə əlaqədar hər kəsə çağırış edib. ABŞ və Fransa səfirləri belə mövqe ortalığa qoymaqla, bir daha sübut etdilər ki, doğrudan da onlar 30 il ərzində keçmiş Qarabağ münaqişəsinin həlli üçün obyektiv mövqe nümayiş etdirməyiblər".
Milli Məclisin deputatı Müşfiq Cəfərov Fransa və ABŞ səfirlərinin addımını Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik kimi qiymətləndirib: "Şuşada keçirilən konfrans Qarabağdakı quruculuq sahəsində beynəlxalq əməkdaşlığın inkişafı baxımından çox əhəmiyyətli konfransdır. Dövlətimiz qarşılıqlı əməkdaşlığa söykənən əlaqələr qurub, bundan sonra da bu əlaqələri daha da inkişaf etdirəcəkdir. İyul ayında da xarici diplomatların Şuşa və Füzuliyə səfərləri təşkil olunmuşdu. Həmin tədbirdə də Fransa və ABŞ səfirliklərinin nümayəndələri iştirak etməmişdi. Mən bunu birbaşa ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi dəyərləndirərdim. Çünki bu, birinci dəfə deyil, artıq neçənci dəfədir ki, təkrarlanır. Burada hər hansı üzrlü bir hadisədən söhbət gedə bilməz. Təbii ki, Fransanın müharibə zamanı da siyasi xətti açıq aşkar bəlli idi. Lakin ABŞ prezidenti Co Bayden iki dəfə cənab Prezidentə məktubla müraciət edərək daxili və xarici siyasətini dəstəklədiyini açıq ifadə etdi. Görünən odur ki, Qərb hələ də əməldə və danışıqda eyni mövqe nümayiş etdirmir".
Rəşid Qarayev
