Məzmuna keç

Sədr: “Məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla birinci instansiya məhkəmələrinə məktublar göndərilib”

Şəki Apellyasiya Məhkəməsinin 2022-ci ilin birinci yarımilliyində ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar fəaliyyətinə və görülmüş işlərin təhlilinə dair məhkəmənin Rəyasət Heyətinin iclası keçirilib.

E-huquq.az-ın məlumatına görə, iclasda Şəki Apellyasiya Məhkəməsinin hakimləri ilə yanaşı, məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri iştirak ediblər.

Məhkəmənin sədri Nuru Quliyev iclasın gündəliyində duran məsələləri və 2022-ci ilin birinci yarımilliyində Şəki Apellyаsiyа Məhkəməsi tərəfindən ədalət mühakiməsinin həyata keçirilməsi ilə əlaqədar görülmüş işlərə dair ümumi məlumatı diqqətə çatdırıb, ötən müddət ərzində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, dinamikası və onlara baxılması nəticələri barədə statistik göstəricilərin qısa təhlilini aparıb.

Sədr çıxışında 1 cinayət işi üzrə istintaq orqanının vəzifəli şəxsi tərəfindən yol verilmiş kobud prosessual pozuntulara dair xüsusi qərarın, habelə 2 mülki və 1 kommersiya mübahisələrinə dair işlər üzrə xüsusi qərardadların qəbul edilərək tədbir görülməsindən ötrü aidiyyəti üzrə göndərildiyini diqqətə çatdırıb. Çıxarılmış xüsusi qərar və qərardadlarla yanaşı, qanunvericiliyin tələblərinə dürüst əməl edilməsi məqsədi ilə 7 təqdimat və 3 irad məktubu aidiyyəti orqanlara göndərilib. Həmçinin 2022-ci ilin birinci yarımilliyinin iş planına uyğun olaraq qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə Qəbələ Rayon Məhkəməsinin sədrinin dinlənilməsi keçirilib, eləcə də ayrı-ayrı sahələr üzrə məhkəmə təcrübəsinin ümumiləşdirmələri aparılmaqla buna dair birinci instansiya məhkəmələrinə müvafiq icmal məktublar göndərilib.

Müşavirədə çıxış edən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri Akif Eyvazov, Mülki Kollegiyasının sədri Ələddin Məcidov, İnzibati Kollegiyasının hakimi Vəzirxan Məlikov və Kommersiya Kollegiyasının hakimi Günay Cavadova müşavirə iştirakçılarına 2022-ci ilin birinci yarımilliyində baxılmış işlərin müqayisəli şəkildə statistik göstəricilərinə dair məlumat verərək, birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən qəbul edilmiş məhkəmə aktlarının ləğv edilməsi əsaslarını, eləcə də yol verilmiş maddi və prosessual hüquq normalarının xarakterik pozuntularını, habelə işlərə baxılan zaman məhkəmə təcrübəsində rast gəlinən fikir ayrılıqlarını qeyd ediblər.

Daha sonra tədbir hakimlərin qarşılıqlı maraq doğuran hüquqi məsələlərə dair faydalı fikir mübadiləsi ilə davam etdirilib.