Məzmuna keç

Deputat: “Brüssel görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti və çox mühüm diplomatik qələbəsi ilə yekunlaşdı”

“Avqust ayının 31-də Brüsseldə Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilmiş sayca 4-cü görüşün nəticələri bir daha onu göstərir ki, bu görüşün nəticələrinə uyğun olaraq Azərbaycanın diplomatik qələbəsi, böyük və vacib uğurudur”.

Bu barədə e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.

Deputatın sözlərinə görə, Şarl Mişelin görüşdən sonra səsləndirdiyi fikirlər, bəyanatlar onu göstərir ki, müzakirələr Azərbaycan tərəfindən təqdim edilən gündəlik üzərində aparılıb: "İlk olaraq görüşün 5 saata yaxın çəkməsi çox gərgin və bir neçə istiqamət üzrə aparılmış müzakirələrlə yekunlaşdığını göstərir. Nəticə etibarilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək diplomatik peşəkarlığı, qətiyyətli və prinsipal mövqeyi nəticəsində Azərbaycan növbəti dəfə çox böyük diplomatik qələbə qazandı. Görüşün yekunu olaraq 4 vacib məqamı xüsusi vurğulamaq istəyirəm. Birincisi, bəyanatda səsləndirildiyi kimi sülh müqaviləsinin mətninin hazırlanması üçün İşçi Qrupunun yaradılması və Xarici İşlər Nazirliyi səviyyəsində bir ay müddətində görüşün keçirilməsi və mətnlə bağlı fikir mübadiləsinin aparılmasıdır. Bu, çox vacib haldır, çünki Azərbaycan 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdikdən sonra ölkəmiz artıq qalib və güclü tərəf olaraq regionda dayanıqlı sülhün və əminamanlığın olması üçün sülh təşəbbüsü ilə çıxış edib. Dünən müzakirə olunan məsələlər onu göstərdi ki, 5 maddəlik baza prinsipi ətrafında müzakirələr aparılıb. Digər tərəfdən görüşün nəticəsi olaraq artıq noyabr ayında dünənki formatda Avropa İttifaqı şurasının Prezidenti, Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün keçirilməsi razılaşdırılıb,"- deyə C. Osmanov bildirib.

O, görüşdə müzakirə edilən humanitar məsələlərə də toxunaraq qeyd edib ki, Azərbaycanı narahat edən məqamlardan biri bu günə kimi Ermənistan tərəfindən davam edən mina terrorudur və bu da görüşdə müzakirə olunub: "Bizi ciddi narahat edən digər məsələ Birinci Qarabağ müharibəsindən bu günə kimi 4000-ə yaxın soydaşımızın taleyi haqqında məlumatların əldə olunması ilə bağlıdır. Eyni zamanda mən burada xüsusi vurğulamaq istəyirəm ki, bu məsələ Azərbaycan Prezidenti tərəfindən dəfələrlə qaldırılmış və artıq Brüssel görüşündə real nəticəyə gəlmək istiqamətində mühüm bir addım atılmışdır. Növbəti bir istiqamət əlbəttə ki, kommunikasiya xətlərinin, nəqliyyat xətlərinin açılmasıdır ki, bu da çox vacib məqamdır. Hazırda yeni formalaşan dünya nizamında nəqliyyat və logistika məsələsi çox ciddi bir problemə çevrilmişdir. Nəqliyyat xətlərinin, kommunikasiyaların açılması həm Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına xidmət edir, həm də buna Avropa İtiifaqının, Avrasiyanın çox ciddi ehtiyacı var. Növbəti istiqamət sərhədlərin müəyyənləşdirilməsi, delimitasiyası məsələsidir ki, bu məsələ də əlbəttə, çox vacib bir istiqamətdir. Brüssel görüşündə bu məsələnin də qabardılması onu göstərir ki, Avropa İttifaqı da bu təşəbbüslə çıxış edir və bu prosesə dəstək verəcək. Bir sözlə, Brüssel görüşü Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin növbəti və çox mühüm diplomatik qələbəsi ilə yekunlaşdı”.

Rəşid Qarayev