Xəbər verdiyimiz kimi, "Tərtər işi" çərçivəsində həbs edilmiş 19 nəfərin işinə Ali Məhkəmənin Plenumunda baxılacaq. Belə ki, aparılan istintaq zamanı əldə edilən mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Ali Məhkəmənin Plenumuna müraciət edilib.
E-huquq.az xəbər verir ki, vəkil Anar Mövsümoğlu Ali Məhkəmənin Plenumunun sözügedən məsələ ilə bağlı hansı qərarı qəbul edə biləcəyi barədə təhlil hazırlayıb.
Həmin təhlili təqdim edirik:
"Aparılan istintaq zamanı əldə edilmiş mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilmişdir.
Gəlin baxaq görək yeni açılmış hallar nədir və Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumu bununla bağlı hansı qərarı qəbul edə bilər?
Cinayət Prosessual Məcəlləsinin 461-ci maddəsinə əsasən hökm və ya qərarlarına yeni açılmış hallar üzrə baxılması üçün əsaslar aşağıdakılardır:
– düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olan zərər çəkmiş şəxsin, şahidin bilə-bilə yalan ifadə verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə yalan tərcümə etməsi, maddi sübutların, istintaq və məhkəmə hərəkəti protokollarının və digər sənədlərin saxtalığının məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilməsi;
– cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı təhqiqatçının, müstəntiqin, prokurorun və ya hakimin məhkəmənin qanuni qüvvəyə minmiş hökm və ya qərarı ilə müəyyən edilmiş sui-istifadələrinin düzgün olmayan (səhv) hökm və ya qərarın çıxarılmasına səbəb olması;
– Özü-özlüyündə və ya əvvəllər müəyyən edilmiş digər hallarla birlikdə məhkumun təqsirsizliyinə və ya onun məhkum olunduğu cinayət əməlindən ağırlıq dərəcəsinə görə fərqlənən cinayət törətməsinə, yaxud bəraət almış və ya barəsində cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verildiyi şəxsin təqsirliliyinə dəlalət edən, hökm və ya qərarın çıxarılması zamanı məhkəməyə və cinayət prosesinin tərəflərinə məlum olmayan digər hallar.
Bu 3 əsaslardan hazırda yeni açılmış hallarla bağlı protest vermək üçün üçüncü əsas daha real görünür. Çünki digər iki əsasla bağlı qanuni qüvvəyə minmiş hökm və ya qərar lazımdır ki hazırda da bunlarla bağlı rəsmi məlumat yoxdur.
Həmin Məcəllənin 463-cü maddəsinə əsasən, yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarlarına baxılması hüququna yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu malikdir.
Həmin Məcəllənin 464.1-ci maddəsinə əsasən, yeni açılmış hallarla əlaqədar məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə vermək hüququna kassasiya şikayəti, kassasiya protesti və ya təqdimat vermək hüququ olan şəxslər malikdirlər.
Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə ilkin baxılmasını Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq kollegiyasının hakimlərindən birinə tapşırır və həmin hakim ərizəni araşdırdıqdan sonra aşağıdakı qərarlardan birini qəbul edir:
– ərizə məhkəmənin barəsində mübahisə edilən hökm və ya qərarının əsaslılığına dair şübhə yaratmadıqda, onun baxılmamış saxlanılması haqqında;
– ərizədən və ya ona əlavə edilmiş sənədlərdən həmin halların müəyyən edildiyi, yaxud onların mümkün mövcudluğu həqiqətən məhkəmənin mübahisə edilən hökm və ya qərarının əsaslılığına dair şübhə yarada biləcəyi məlum olduğu halda, yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizə üzrə icraatın açılması haqqında.
Yeni açılmış hallar üzrə məhkəmənin hökm və ya qərarına baxılması haqqında ərizəyə ilkin baxan Azərbaycan Respublikası Ali Məhkəməsi hakiminin bütün qərarları qətidir və onlardan şikayət və ya protest verilə bilməz.
Əgər ərizə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun iclasına çıxarılarsa burada aşağıdakı qərarlardan biri çıxarıla bilər:
– kassasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə;
– kassasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və yeni qərarın çıxarılması barədə;
– kassasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə.
Qərarın ləğv edilməsi zamanı məhkəmə həmçinin cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarını birinci və ya apellyasiya instansiyası məhkəməsinə yenidən baxılmasına göndərə bilər.
Həmçinin ərizəyə mahiyyəti üzrə baxılması nəticəsində işin ibtidai araşdırması və ya müvafiq olaraq birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində baxışı zamanı cinayət prosesi iştirakçılarının hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan pozuntuları müəyyən etdikdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu xüsusi qərar çıxara bilər".
