Kassasiya şikayətləri ilə bağlı “Elektron məhkəmə” informasiya sistemində mühüm dəyişiklik edilib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü Sənan Hacıyev məlumat verib.
O bildirib ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 407.3-cü maddəsinə əsasən kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır.
Bununla əlaqədar “Elektron məhkəmə” informasiya sistemində müvafiq dəyişikliklər edilərək belə sənədlərin imzalanması üçün aşağıdakı imkanlar yaradılıb:
1. Elektron kabinetdə yeni şikayət yaradılarkən “Tərəflər” bölməsində imzalanma növü kimi “Tərəf özü imzalayacaq” variantını seçməklə kassasiya şikayətinin həm şikayət verən şəxs, həm də vəkil tərəfindən imzalanması zəruri olacaq. Bu zaman kassasiya şikayətini tək onu tərtib edən şəxs imzalayarsa, o, natamam imzalanmış hesab ediləcək və yalnız digər tərəf elektron kabinetində “Şikayətlər” bölməsinə daxil olaraq imzaladıqdan sonra sənəd avtomatlaşdırılmış qaydada məhkəməyə göndəriləcək. Sənədin imzalanması zamanı hər iki tərəf eyni növ imzadan (elektron imza və ya Asan imza) istifadə etməlidir.
2. Şikayəti verən şəxs elektron imza və ya Asan imzaya malik olmadıqda kassasiya şikayəti vəkil tərəfindən formalaşdırılır, imzalanma növü kimi “Etibarnamə təqdim edilir” variantı seçilir və “Sənədlər” bölməsində həmin etibarnamə əlavə edilməklə imzalanır.
"Cari ilin 1 oktyabr tarixindən göstərilən qaydada imzalanmamış kassasiya şikayətləri geri qaytarılacaq", – deyə S.Hacıyev qeyd edib.
