Məzmuna keç

Ombudsman Konstitusiya Məhkəməsinə sorğu göndərdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Konstitusiya Məhkəməsinə sorğu göndərib.

E-huquq.az xəbər verir ki, sorğuda Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 55-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının «Sosial müavinətlər haqqında» Qanununun 4-cü maddəsinin (Müavinətlərin növləri) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə (Bərabərlik hüququ), 38-ci maddəsinə (Sosial təminat hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) və 147-ci (Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi) maddələrinə, 149-cu maddəsinin (Normativ hüquqi aktlar) I və III hissələrinə uyğunluğunun yoxlanılması xahiş olunub.

Həmin sorğunu təqdim edirik:

"Azərbaycan Respublikasının «Sosial müavinətlər haqqında» Qanununun 4-cü maddəsinə (Müavinətlərin növləri) əsasən, şəxslərə aşağıdakı müavinətlər təyin edilir:

4.0.1. aylıq müavinətlər:

4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət;

4.0.1.2. yaşa görə müavinət;

4.0.1.3. 18 yaşından yuxarı əlilliyi olan şəxslərə əlilliyə görə müavinət;

4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət;

4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət;

4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət;

4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət;

4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət;

4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət;

4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət;

4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət;

4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət.

Göründüyü kimi, qanunvericilik sözügedən müavinətlər sırasında, həm də beşdən çox uşağı olan qadınlara müavinəti nəzərdə tutur, lakin bundan fərqli olaraq, uşaqları təkbaşına böyüdən kişilərə münasibətdə isə müavinətin ödənilməsini nəzərdə tutmur. Bu isə öz növbəsində göstərilən əsaslarla sözügedən şəxslərin, yəni beşdən çox uşağı təkbaşına böyüdən kişilərin sosial təminat hüququnun pozulmasına və ayrı-seçkiliyǝ səbəb olur.

Belə ki, mübahisələndirilən normada kişilərə münasibətdə müavinətin müəyyən edilməməsi, həmin müavinətdən yararlanan digər şəxslərlə, o cümlədən qadınlarla müqayisədə, onların sosial təminat və bərabərlik hüququnun pozulmasına səbəb olur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinin (Sosial təminat hüququ) birinci hissəsinə əsasən, hər kəsin sosial təminat hüququnun olduğu vurğulanır.

Həmin maddənin III hissəsinin tələbinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

«Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında» Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən, dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir.

Qeyd olunanlardan fərqli olaraq, qanunvericiliyin sözügedən yanaşması ilə qeyd olunduğu kimi, uşaqlarını bu və ya digər səbəbdən təkbaşına böyüdüb tərbiyə edən, onlara qayğı göstərən kişilərin hüquqları məhdudlaşdırmış və mənafeləri nəzərə alınmamışdır. Halbuki, istər mülki, istərsə də ailə qanunvericiliyinə görə də kişilərlə qadınların (ərlə arvadın) hüquqları eyni dərəcədə tanınır və bərabər tutulur.

Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə (Mülki qanunvericiliyin prinsipləri) əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Bu prinsip, həmin Məcəllənin 25.1-ci maddəsi ilə daha da möhkəmləndirilərək göstərilir ki, bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti, yəni insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyəti, eyni dərəcədə tanınır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 29-cu maddəsinin (ər və arvadın ailə münasibətlərində hüquq bərabərliyi) 1-ci hissəsinin tələbinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.

Qeyd olunan normaların mahiyyətindən də bəlli olur ki, kişi ilə qadın (ərlə arvad) arasında hüquqlara münasibətdə heç bir fərq qoyulmur və ictimai münasibətlər sferasında, ailədə bərabər, təhlükəsiz, eyni şəraitdə yaşamaları üçün onlara bütün təminatlar nəzərdə tutulur. Hesab edirik ki, Qanunun mübahisələndirilən normasının müddəası həm də, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) I, II, III, IV vǝ V hissələrinin, 71-ci maddəsinin (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı), 149-cu maddəsinin I və III hissələrinin tələblərinə zidd olmaqla, beşdən çox uşağı təkbaşına böyüdən kişilərin sosial təminat hüquqlarının dairəsini məhdudlaşdıraraq, onlara əlverişsiz və qeyri-hüquqi şərait yaradır.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) I hissəsinin tələbinə görə, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Əsas Qanunumuzun sözügedən maddəsinin ümumi yanaşmasından bir daha bəlli olur ki, konkret növ ictimai münasibətlərinin (mövcüd halda sosial təminat hüquq münasibətlərinin) subyektlərinə münasibətdə, o cümlədən beşdən çox uşağı təkbaşına böyüdən kişilərə münasibətdə, onların qanuni maraqlarının müdafiəsi üçün bərabər münasibət bəslənilərək eyni imkanlar yaradılmalıdır.

Konstitusiyanın 25-ci maddəsinin III, IV və V hissələrində aşağıdakılar təsbit edilmişdir:

"III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır.

IV. Heç kəsə bu maddənin III hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir".

Bərabər vəziyyətdə olan şəxslərə münasibətdə hüquq və vəzifələrlə bağlı fərqli mövqeylərin və üstünlüklərin müəyyən edilməsi, habelə belə güzəştlərdən və ya bərabər imkanlardan digərləri üçün imtina birbaşa olaraq hüquq bərabərliyinin pozulması deməkdir. Heç təsadüfi deyil ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında (25 fevral 2014-cü il, 14 noyabr 2014-cü il və s. tarixli) da bərabərlik prinsipinin məzmununa dair formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq eyni və ya oxşar vəziyyətdə olan şəxslərə eyni rəftarın göstərilməsi tələb olunur və məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol vermədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsində (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı) aşağıdakılar təsbit olunmuşdur:

II. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

V. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz.

VI. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir».

Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsində isə aşağıdakılar təsbit olunmuşdur:

«I. Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir.

II. Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir.

III.Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasıdır».

Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin III hissəsinə əsasən, qanunlar Konstitusiyaya zidd olmamalıdır.

Hüquq bərabərliyi, eyni zamanda beynəlxalq normativ-hüquqi aktlarının (İnsan Hüquqları haqqında Ümumi Bəyənnamənin 7-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasın 14-cü maddəsi və s.) təsiri altına da düşür ki, onların tələblərinə də əməl olunmalıdır.

Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 151-ci maddəsinə (Beynəlxalq aktların hüquqi qüvvəsi) əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.

Konstitusiyanın 12-ci maddəsinin II hissəsinin tələbinə görə, bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.

Yuxarıda sadalanan mülahizələrə əsaslanaraq, belə bir nəticəyə gəlmək olar ki, barəsində sorğu verilmiş Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinin (Müavinətlərin növləri) tələbləri hüquq bərabərliyi, habelə bərabər mənafelərə bərabər münasibət bəslənilməsi prinsiplərini pozaraq beşdən çox uşaqları təkbaşına böyüdən kişilərə münasibətdə sosial təminat hüququ sahəsində qeyri əlverişli şərait yaradır, normativ-hüquqi akta qarşı irəli sürülən haqq-ədalət meyarlarına cavab vermir və Konstitusiyanın adıçəkilən normalarına uyğun deyildir.

Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Konstitusiyasının 130-cü maddəsinin VII hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, 55-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının «Sosial müavinətlər haqqında» Qanununun 4-cü maddəsinin (Müavinətlərin növləri) Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə (Bərabərlik hüququ), 38-ci maddəsinə (Sosial təminat hüququ), 71-ci (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı), 147-ci (Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi) maddələrinə, habelə 149-cu maddəsinin (Normativ hüquqi aktlar) I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş edirəm".