Məzmuna keç

Vəkil Elçin Sadıqovun şikayəti əsasında məhkəmə başladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində vəkil Elçin Sadıqov barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı verilən şikayətə baxılıb.

E-huquq.az xəbər verir ki, hakim Zəki Babayevin sədrliyi ilə keçirilən prosesdə E.Sadıqovun müdafiəçiləri çıxış edərək, həbs qətimkan tədbirinin dəyişdirilməsini və vəkilin azadlığa buraxılmasını istəyiblər.

Vəkil İradə Cavadova Elçin Sadıqovun aclıq aksiyasına başladığını bildirib.

Cinayət işinin materialları olmadığı üçün proses sabah saat 14:00-dək təxirə salınıb.

Xatırladaq ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. E.Sadıqov müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.