“Qəbul edilmiş bəyanat Praqa görüşlərində Azərbaycanın diplomatik uğurunun ən bariz göstəricisidir”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin 6 oktyabr tarixindəki Praqa səfəri və keçirilmiş görüşlərdə əldə olunan nəticələrlə bağlı danışarkən deyib.
O bildirib ki, Prezidentin “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakı, sammit çərçivəsində keçirdiyi çoxsaylı görüşlər, Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan mövqeyi və Ermənistana ciddi mesajları özündə əks etdirən bəyanatları Praqa səfərinin gözləniləndən də uğurlu olduğunu deməyə əsas verir.
"Ümumiyyətlə qeyd etmək yerinə düşər ki, ölkəmiz Avropa İttifaqı ilə bir çox istiqamətlər üzrə o cümlədən enerji sahəsində olduqca fəal əməkdaşlıq edir. Buna misal olaraq cari ilin iyul ayında Avropa Komissiyasının Prezidenti ilə Bakıda imzalanmış Anlaşma Memorandumunu göstərmək olar. Sirr deyil ki, Rusiya-Ukrayna müharibəsi fonunda bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Avropa İttifaqı ilə əməkdaşlığın digər önəmli istiqamətlərindən biri də siyasi dialoqdur. Məlumdur ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında yeni hərtərəfli saziş üzərində iş aparılır. Nəticə etibarilə son aylar ərzində Avropa İttifaqı ilə Azərbaycan arasında həm təmasların sayı kəskin artıb, həm də mahiyyət yeni müstəviyə qədəm qoyub ki, bu da qarşılıqlı etimad artmasına imkan yaradıb.
Eyni zamanda nəqliyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Azərbaycanın coğrafi mövqeyi və formalaşdırdığı müasir nəqliyyat infrastrukturu Avropa üçün həm önəmli, həm də çox cəlbedicidir. Çünki Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşir. Təbii ki, Avropa İttifaqı ölkələri həm də bizim əsas ticarət tərəfdaşlarımızdır. Azərbaycanın geosiyasi məkanda artan rolu iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. Dünyada mövcud olan geosiyasi vəziyyət bizim resurslarımıza tələbatı kəskin artırıb. Nəticədə təkcə ötən il qaz ixracatımız əvvəlki ilə nisbətən 40 faiz artmış, bu il isə əlavə olaraq daha 30-40 faiz artacağı proqnozlaşdırılır. Qaz ixracı ilə bağlı da artım gözlənilir. Aparılan danışıqlar və bağlanmış müqavilələr 2027-ci ilə qədər Avropaya qaz ixracının iki dəfə artaraq 18 milyard kubmetr olacağını deməyə əsas verir. Bundan əlavə yeni qaz yataqlarının istismara verilməsi, eləcə də bərpaolunan enerji növlərindən geniş şəkildə istifadə olunması ölkəmizdə böyük həcmdə qaz ehtiyatı yaradacaq ki, bu da gələcəkdə Avropa qitəsinə daha çox qaz ixrac etməmizə real imkanlar yaradacaq. Bütün bu sadalananlar təbii olaraq ölkəmizi Avropa üçün olduqca cəlbedici edir".
Politoloq qeyd edib ki, Praqa görüşündə ölkəmizə olan xüsusi maraq da məhz dövlətimizin hər gün möhkəmlənən beynəlxalq nüfuzunun və mövqeyinin real göstəricisi sayıla bilər: "Prezidentin son Praqa səfəri və keçirilən görüşlər təkcə Avropa İttifaqı-Azərbaycan münasibətləri baxımından deyil, həm də ölkəmiz ilə Ermənistan arasında aparılan danışıqların yeni mərhələyə qədəm qoyması baxımından da olduqca əhəmiyyətli oldu. Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli görüşü üzərində xüsusi olaraq dayanmağa ehtiyac var. Azərbaycanın növbəti diplomatik qələbəsi olan bu görüşdə Fransa Prezidentinin iştirakı özündə bütün məqamları açıq-aydın şəkildə ehtiva edir. Postmünaqişə dövrünün reallıqlarına nəzər salsaq görərik ki, hazırda əsas müzakirə mövzusu regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasıdır.
Fransanın ənənəvi ermənipərəst siyasətini nəzərə alsaq, Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycana müxtəlif təzyiqlərin göstəriləcəyini proqnozlaşdırmaq olardı. Ehtimal edilirdi ki, Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü qətiyyətli hiss edəcək və Fransa tərəfi də Ermənistana dəstəyini açıq şəkildə bəyan edərək onun mövqeyini müdafiə edəcək. Amma Prezident Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi və görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı alındı. Odur ki, bu gün Fransanın tərəf kimi Azərbaycanın təklif etdiyi sülh gündəliyinin həyata keçirilməsi üçün aparılan danışıqlarda iştirakı şübhəsiz ki, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Bu o deməkdir ki, artıq dünya gücləri Azərbaycanın tarixi qələbəsindən doğan reallıqları qəbul edir".
Y. Bağırzadənin sözlərinə görə, Praqa görüşü bir sıra önəmli mesajlarla da yadda qalıb: "Bunlardan birincisi Azərbaycan-Türkiyə birliyi ilə bağlı verilən mesaj idi. Bütün səfər boyu dövlət başçısı İlham Əliyevin və Türkiyə Prezidenti Ərdoğanın birlik nümayişi təkcə Sammit iştirakçısı olan dövlətlərə deyil, həm də bu tədbiri izləyən bütün dünya dövlətlərinə verilmiş mesaj idi. Digər vacib məqam Prezidentin artıq bütün dünyanın Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq qəbul etməsi ilə bağlı verdiyi mtsaj idi. Həqiqətən də, artıq bütün dünya Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qəbul edir. Məsələn, 44 günlük müharibə dönəmində Rusiya prezidenti Vladimir Putin Azərbaycanın öz ərazisində hərbi əməliyyatlar apardığını dəfələrlə qeyd edib. Putin açıq şəkildə bəyan edirdi ki, beynəlxalq hüquqa görə Qarabağ Azərbaycan ərazisidir. Müharibə bitəndən sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə tərəflər arasında bir neçə görüş keçirildi. Bütün bu görüşlərdə də Qarabağın status məsələsi hansısa müzakirə mövzusu olmadı. Bu isə artıq Avropanın da Qarabağın Azərbaycanın olduğunu qəbul etməsinin göstəricisidir. Bu faktı Ermənistan baş naziri Paşinyan da qəbul edir. Ermənistanın baş naziri dəfələrlə qeyd edib ki, dünya Qarabağı Azərbaycandan ayrı təsəvvür etmir.
Təbii ki, bütün bunlar Prezident İlham Əliyevi siyasi iradəsi, qətiyyəti sayəsində mümkün oldu. Və nəhayət yekununda qəbul edilən Bəyanatda əksini tapan müddəalara da diqqət çəkmək istərdim. Şübhəsiz ki, görüşünün sonunda qəbul edilən bəyanat ölkəmizin maraqlarını təmin edir. Bəyanatda qeyd olunur ki: “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir.” Bu isə o deməkdir ki, suverenliyi tanımaqla, Ermənistan Azərbaycanın Qarabağ üzərində hakimiyyətini də Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu da tanımış oldu.
Sənəddə diqqət çəkən məqamlardan biri də budur ki, Aİ və Fransa Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaradaraq, bundan regiona daxil olmaq üçün istifadə etmək istəyirdilər. Amma yenə də ölkə başçısının qətiyyəti sayəsində razılaşdırıldı ki, sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində fəaliyyət göstərəcək. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək. Göründüyü kimi, bütün sadalananlar Praqa görüşünün nəticələrinin Azərbaycan üçün kifayət qədər uğurlu olduğunu deməyə əsas verir”.
