"Gəncə şəhərinin Ermənistan tərəfindən raket hücumuna məruz qalmasından iki il ötür. Lakin təəssüf ki, beynəlxalq təşkilatlar hadisəyə hələ də hüquqi qiymət verməyib, hərbi cinayətkarlar cəzalandırılmayıb".
Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, Ermənistanın mülki əhaliyə qarşı terrora beynəlxalq təşkilatların göz yumması qəbuledilməzdir: "Ermənistan 30 ilə yaxın müddətdə torpaqlarımızı işğalda saxlayıb. BMT-nin qətnamələrini yerinə yetirməyib. ATƏT-in Minsk qrupu isə Ermənistanın təcavüzkar siyasətinə qarşı heç bir qətiyyətli addım atmayıb. 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında məğlub olan Ermənistan qisasını dinc sakinlərdən almağa çalışdı. Mülki əhalini hədəfə aldı. Oktyabrın 11-də raket hücumu nəticəsində 10 mülki şəxs şəhid oldu və 40-dan çox insan yaralandı. Mülki əhaliyə qarşı təşkil edilən hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ciddi ziyan dəydi. Beynəlxalq konvensiyalara görə, Ermənistanın Gəncəyə atdığı "İsgəndər" raketindən mülki əhaliyə qarşı istifadə qadağandır. Lakin buna baxmayaq, beynəlxalq təşkilatlar düşmənin bu hücumuna səssiz qaldı. Azərbaycanın müvafiq qurumlarının Ermənistanın Gəncə və digər şəhərlərdə törətdiyi terror hücumları barədə beynəlxalq təşkilatlara etdiyi müraciətlər nəticəsiz qaldı. Bütün bunlar Azərbaycana qarşı ikili standartın tətbiq olunduğunu göstərir".
Politoloq bildirib ki, beynəlxalq təşkilatlar erməni terroruna sussa da, Azərbaycan Ordusu Vətən müharibəsində düşməni məğlub edərək onlara layiqli cavabı verib: "44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu şanlı qələbə qazandı. Biz bu möhtəşəm zəfərlə düşməndən qisasımızı aldıq. Lakin Ermənistanın illər ərzində Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasəti, eləcə də mülki vətəndaşlarım;za qarşı hücumları heç vaxt unudulmayacaq. Bu, bizim qan yaddaşımızdır".
Rəşid Qarayev
