Məzmuna keç

Hakim “İmam Mehdi”nin məhkəməsinin qapalı keçirilməsi haqqında qərar verdi

Özünü 12-ci imam Mehdi kimi təqdim ediərək 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi kapalı keçirilib.

E-huquq.az xəbər verir ki, bununla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində sədrlik edən hakim Eldar İsmayılov qərar qəbul edib.

Belə ki, iclasdan əvvəl zərərçəkmiş şəxslər vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini tələb ediblər. Zərərçəkmiş şəxslər bunu məhkəmədə demədikləri sözlərin bəzi sayt və sosial şəbəkələrdə yayımlanması ilə əsaslandırıblar.

Bundan sonra zərərçəkmiş qismində tanınmış Daşqın Aslanova ifadə vermək təklif olunub. Zərərçəkmiş şəxs isə iclasın qapalı keçirilməyəcəyi halda ifadə verməkdən imtina edib. Digər zərərçəkmişlər də onu dəstəkləyiblər.

Bu zaman prokuror iclasın qapalı keçirilməsini təklif edib.

Sədrlik edən hakim Eldar İsmayılov bu hissədə prosesin qapalı keçirildiyini elan edib. Jurnalistlər zaldan çıxarılıblar.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN)Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.