“Bu gün Füzuli şəhərinin işğaldan azad olunmasının ikinci ili tamam olur. Hadrutdan və Cəbrayıldan sonra Füzulinin azad olunması torpaqlarımızın işğaldan azad edilməsində həlledici rol oynadı və qələbəmizin sürətlənməsinə öz töhfəsini verdi”.
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Füzulidə həyata keçirilən bərpa-quruculuq işlərindən danışan deputat bildirib ki, ötən iki il ərzində burada ölkə başçısının rəhbərliyi ilə böyük işlər görülüb.
"Səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib istifadəyə verildi. Bu hava limanından həm xarici, həm də daxili uçuşlar həyata keçirilir. Hava limanının fəaliyyəti Füzuli və digər rayonların yenidən qurulması işində çox əhəmiyyətli rol oynayır. Füzulidən keçən kommunikasiya xətləri yenilənib, müasir standartlara cavab verən avtomobil yolları tikilir. Burada elektrik xətləri yenidən qurulur, yeni yarımstansiyalar istifadəyə verilir. Füzuli şəhərinin baş planı təsdiq olunub və bu plana uyğun olaraq Füzulinin yenidən qurulması, bərpası işlərinə başlanılıb. Bütün bunlar onu göstərir ki, biz qısa zaman ərzində Füzuliyə böyük qayıdışı həyata keçirməyə başlaya biləcəyik. Füzulinin qapıları açıqdır və yaxın zamanlarda sakinlərini qarşılamağa hazırlaşır. Təbii ki, görülən bütün işlər Füzulidə həyatı dəyişəcək. Füzulinin inkişafı görülməmiş səviyyədə təşkil olunacaq. Füzulililərin uzun illər işğaldan çəkdiyi əziyyətlər yenilənmiş Füzuliyə qayıtmaqla yaddan çıxacaq. Ölkə başçısının qərarları bu istiqamətdədir və hesab edirəm ki, qarşımıza qoyulmuş hədəflərə tezliklə nail olacağıq", – deyə deputat qeyd edib.
Rəşid Qarayev
