Ədliyyə Nazirliyinin İmişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə yurisdiksiya üzrə yerli ədliyyə qurumlarının kollektivinin, şəhid ailələrinin, qazilərin, İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin, millət vəkili Razi Nurullayevin, YAP-ın rayon təşkilatının sədri Səfa Ağayevin və ictimaiyyətin iştirakı ilə regional idarənin inzibati binasının önündə “ŞUŞA İLİ” çərçivəsində şəhidlərin əziz xaitrəsinə inşa edilmiş fəvvarənin açılışı ilə bağlı tədbir keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbir öncə dövlət himni səsləndirilməklə açıq elan edilib.
Regional idarənin rəisi İsgəndər Orucov tədbirə gələn qonaqları salamlayıb və bu günlərdə ildönümü olacaq ədliyyənin şəhidi Ruhin Xəlilov ehtiramla yad edib, sonra şəhid ataları Tədbir Quliyevi və Xaliq Səfərovu şəhidlərin əziz xətirəsinə inşa edilmiş fəvvarənin açılması üçün lentin kəsilməsinə dəvət edib. İstifadəyə verilmiş fəvvarənin ətrafına gül dəstələri düzülüb, idarə rəisi, İmişli rayon rəhbərliyi, millət vəkili və şəhid ataları çıxışları ilə tədbirin önəmini vurğulayıblar.
Bundan sonra inzibati binanın içərisində Ulu Öndərin büstünün və şəhid Ruhin Xəlilovun adına quraşdırılmış stendin önünə gül dəstələri düzülmüş və tədbir iclas zalında davam edib. Tədbir iştirikaçıları öncə vətən müharibəsində canlarını qurban verən şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər. Sonra çıxış edənlər tərəfindən şanlı qələbəmizə gedən yolda həyatlarını fəda edən igidlərimizin heç vaxt unudulmayacağı və gələcək nəsilə şərəfli tariximizi qürurla ötürəcəyimiz səsləndirilib. Daha sonra şəhid ailələrinə və qazilərə regional idarə tərəfindən xüsusi hazırlanmış xatirə hədiyyələri təqdim edilib.
Sonda bu cür tədbirlərin mütəmadi keçirilməsinin önəmli olduğu, şəhidlərimizin ailə üzvlərinə və müharibə iştirakçılarına daim diqqət, qayğı ilə yanaşılmasının əhəmiyyəti qeyd edilib.


