Məzmuna keç

Deputat: “Azərbaycana qarşı hazırlanmış “Soçi planı” tamamilə al-tüst oldu”

"Soçidə keçirilən Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşündə Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı nəticəsində növbəti dəfə diplomatik uğur qazandıq. Beləlik də, Azərbaycana qarşı hazırlanmış “Soçi” planı tamamilə al-tüst oldu".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O bildirib ki, üçtərəfli görüş proqnozlaşdırıldığı kimi gərgin şəraitdə keçsə də, yekun nəticə Azərbaycanın maraqlarına tam cavab verib.

"Üçtərəfli görüşdən öncə Ermənistan tərəfindən növbəti təxribatlar həyata keçirildi. Xankəndidə Ermənistandan gətirilmiş ermənilərin vasitəsilə mitinq təşkil olundu və onlar Azərbaycanın tərkib hissəsinə çevrilməyə etiraz etdilər. Bu, böyük bir təxribat idi və üçtərəfli görüş öncəsi bu vasitə ilə təzyiq göstərməyə çalışırdılar. Eyni zamanda Ermənistanın hakim partiyasının iclasında Nikol Paşinyan da absurd açıqlamalar vermişdi. Lakin təzyiq məqsədilə atılan bu addımlar nəticəsini vermədi. Bütün bunlara baxmayaraq, cənab Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı nəticəsində Azərbaycan növbəti dəfə diplomatik uğur qazandı. Üçtərəfli görüşdən əvvəl Rusiya Prezidenti Vladimir Putin ilə görüşündə də cənab İlham Əliyev “Qarabağ münaqişəsi artıq tarixdə qalıb, iki il əvvəl həll olunub” demişdi. Üçtərəfli görüşün yekunu olaraq imzalanmış Bəyanatda da “Qarabağ” ifadəsi işlədilmədi. Bu bir daha onu göstərdi ki, Azərbaycan Prezidentinin qətiyyəti, milli maraqlara söykənən siyasəti növbəti dəfə öz müsbət nəticəsini verdi. İmzalanmış Bəyanatda “Qarabağ” sözünün işlədilməməsi də bu məsələnin Azərbaycanın daxili məsələsi olduğunu təsdiqləyən bariz nümunədir", – deyə deputat qeyd edib.

C.Osmanovun sözlərinə görə, Soçi görüşü danışıqlar prosesinin məhz Azərbaycanın müəyyənləşdirdiyi sülh gündəliyi üzrə getdiyini göstərir: "Ümumilikdə üçtərəfli görüş sülhə gedən yolu biraz da yaxınlaşdırmış oldu. Əlbəttə burada prioritet istiqamət və gündəlik Azərbaycan tərəfindən təqdim olunmuş 5 baza prinsipi üzərində formalaşmışdı. Düşünürəm ki, yekun səsləndirilmiş fikirlər də, Bəyənat da məhz bunun göstəricisidir. Lakin 10 noyabr üçtərəfli Bəyanatının bəzi maddələri hələ də Ermənistan tərəfindən icra olunmayıb. Hesab edirəm ki, bununla bağlı Ermənistana təzyiq göstərilməlidir".

Rəşid Qarayev