Məzmuna keç

“Sədərək” Ticarət Mərkəzində yanğın tam söndürüldü –

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın tam söndürülüb.

Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.

Yanğının mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və səmərəli tətbiqi, yanğınsöndürənlərin fədakarlığı sayəsində yanğının daha geniş sahəyə yayılmasına imkan verilməyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

***

22.04

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə e-huquq.az-a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

21.08

"Sədərək" Ticarət Mərkəzində (TM) yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, ticarət mərkəzinin yanğın olan və ona bitişik hissələri tam polis nəzarətinə götürülüb. Ticarət obyektləri və içərisində olan malların mühafizəsi təşkil edilib.

***

20:30

Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.

Bu barədə e-huquq.az-a FHN-in Mətbuat xidmətindən bildirilib.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hazırda hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***

19.39

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, yanğınla əlaqədar polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib.

"Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb", – DİN rəsmisi qeyd edib.