"Prezident İlham Əliyevin Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı bir daha onu göstərir ki, Azərbaycanın nüfüzu durmadan artmaqdadır. Bu gün ölkəmiz dünyada vacib aktorlardan birinə çevrilib".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O bildirib ki, Prezidentin Forumda iştirakı və irəli sürdüyü təşəbbüslər bir çox dövlətlər və nəhəng şirkətlər üçün böyük maraq kəsb edir.
"Dünya İqtisadi Forumu bu dəfə bir az da fərqli bir mühitdə keçirilir. Artıq dünyada yeni nizam formalaşır və Foruma dəvət olunanlar əsasən yeni nizama uyğun olaraq təşəbbüslərlə çıxış etmək bacarığı olandır. Hansı ki, onların bu təşəbbüs və təklifləri reallığa çevirmək imkanları var. Bu baxımdan cənab İlham Əliyevin iştirakı, irəli sürdüyü təşəbbüslər əlbəttə ki, bir çox ölkələr və şirkətlər üçün çox maraqlıdır. Azərbaycan Prezidentinin təklif və təşəbbüsləri hər zaman yüksək qiymətləndirilir və dəstəklənir. Düşünürəm ki, Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin iştirakı həm Azərbaycan reallıqlarının dünyaya çatdırılması, həm də ölkəmizdə müasir texnologiyaların, bərpa olunan enerji sahəsinin inkişafı üçün mühüm rol oynayır", – deyə deputat qeyd edib.
C.Osmanov vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra regionda yeni reallıqlar yaradıb və Prezidentin Davosda keçiridiyi görüşlər də bu reallıqların dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm rol oynayır: "Dövlət başçısı burada bir sıra nəhəng şirkətlərin rəhbərləri ilə görüşlər keçirir. Görüşlərdə ölkəmizdə müasir texnologiyaların inkişafı və bərpa olunan enerji potensialı barədə müzakirələr aparır. Əlbəttə ki, bu görüşlər də ölkəmizin gələcək inkişafına çox böyük təkan verəcək".
Xəyalə Bünyatova
