Məlum olduğu kimi, ötən gün Abşeron rayonu Masazır qəsəbəsində küçədən yeni doğulmuş körpənin meyiti aşkarlanıb. Salofan torbada küçəyə atılmış körpənin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, yeni doğulmuş körpənin valideynləri tərəfindən qəsdən öldürülərək küçəyə atıldığı iddia olunub və bu əməli törədənlərin ən sərt cəzaya layiq olması barədə fikirlər səsləndirilib.
Bəs, görəsən, deyilənlər həqiqətdirsə, yəni körpə doğrudanda anası tərəfindən öldürübsə, bu halda həmin ananı hansı cəza gözləyir?
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində ananın yeni doğduğu uşağı qəsdən öldürməsinə görə cəza müəyyənləşib.
Belə ki, Məcəllənin 121-ci maddəsinə əsasən, ananın yeni doğduğu uşağı doğuş vaxtı və ya doğuşdan dərhal sonra qəsdən öldürməsi üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd edək ki, Masazıda qeydə alınan hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Xəyalə Bünyatova
