Məzmuna keç

“Prezidentin İsveçrə səfəri və burada keçirilən görüşlər xüsusi önəm daşıyır” –

“Prezidentin uzaqgörən siyasəti nəticəsində Azərbaycanla Çin arasında əməkdaşlıq üçün möhkəm siyasi platforma qurulub”.

Bunu e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Prezident İlham Əliyevin İsveçrədə Davos İqtisadi Forumunda iştirakı və Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsi ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin İsveçrə səfəri və burada keçirilən görüşlər bir çox aspektdən xüsusi önəm daşıyır.

"Azərbaycan bu tədbirə dəvət olunan azsaylı ölkələrdəndir. Bu məqam ölkəmizin artan nüfuzunun, dövlətimizə olan diqqətin göstəricisidir. Ümumilikdə isə İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun bu ilki toplantısında 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Artıq məlumdur ki, Forumun gedişi zamanı cənab Prezident müxtəlif dövlətlərin təşəbbüsü ilə bir sıra görüşlər keçirib. Cənab Prezident bu görüşdə bir çox vacib məsələləri qaldırıb. Görüşdə iştirak edən media nümayəndələri, ayrı-ayrı ölkə başçıları, beynəlxalq qurumların rəhbərləri Laçın-Xankəndi yolunda baş verən hadisələr barədə geniş məlumatlandırılıb. Ölkə başçısının görüşləri onu göstərir ki, Azərbaycana olan maraq böyükdür. Həmçinin bizim əldə etdiyimiz uğurlar digər dövlətlər tərəfindən böyük diqqətlə qarşılanır. Xüsusilə də Azərbaycanın qeyri-neft sektorundakı qazandığı nailiyyətlər, İpək yolunun reallaşmasında verdiyi töhfə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki fəal iştirakı rəğbət doğurur. Ümumilikdə deyə bilərik ki, keçirilən görüşlər həm siyasi, həm də iqtisadi baxımdan ölkəmiz üçün faydalı oldu", – deyə politoloq qeyd edib.

Y.Bağırzadə deyib ki, səfərin önəmli məqamlarından biri də cənab Prezidentin Çinin “China Global Television Network” televiziya kanalına müsahibəsi oldu: "Dünya iqtisadiyyatında ikinci ən böyük paya malik olan, valyuta ehtiyatları 4 trilyona bərabər olan bir ölkənin televiziya kanalının Azərbaycan Prezidentinə olan diqqəti həm də ölkəmizin Çin üçün necə maraq kəsb etdiyinin göstəricisi sayıla bilər. Müsahibə zamanı Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanla Çin arasında münasibətlər etibarlı və qarşılıqlı hörmət əsasında inkişaf edir. Bunun ən bariz göstəricisi ötən ilin payızında Pekində keçirilən “Bir Kəmər bir yol” Sammiti zamanı Çinin dövlət başçısı Si Cinpinin Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmasıdır. Məhz cənab Prezidentin Si Cinpinlə olan münasibətlərinin nəticəsidir ki, iki ölkə arasında əməkdaşlıq üçün möhkəm siyasi platforma qurulub. Elə cənab Prezident də “30 il ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir” deməklə bir daha əməkdaşlıqğımızın necə yüksək səviyyədə olduğunu nümyiş etdirmiş oldu. Həqiqətən də Azərbaycanla Çin arasında İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir və prezidentin də vurğuladığı kimi, Azərbaycan həmin yolun işləməsi üçün üzərinə düşən bütün vəzifələri icra edib. Ölkəmizdə həmin nəqliyyat infrastrukturunun bütün zəruri seqmentləri artıq qurulmuş vəziyyətdədir".

Politoloq Prezidentin müsahibə zamanı Azərbaycanda investisiya mühiti və perspektiv əməkdaşlıq əlaqələri ilə bağlı dediklərinin çox böyük önəm daşıdığınl vurğulayıb: "Hazırda ölkəmizdə informasiya texnologiyaları sektorunu təmsil edən bir çox Çin şirkətlərinin fəaliyyət göstərdiyi məlumdur. Amma biz həm də enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edirik və prezident də məhz bu məqamlara toxunmaqla yeni əməkdaşlıq imkanları ilə bağlı mesaj vermiş oldu. Təbii ki, ölkəmizi Çin üçün maraqlı edən cəhətlərdən biri də Azərbaycanda xarici və yerli investisiyaların kifayət qədər qorunaqlı olması faktıdır. Düzdür, ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlib. Lakin indi şaxələnmə istiqamətində hərəkət etmək vaxtıdır. Elə cənab Prezident də bu məqama toxunaraq qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyaların bizim üçün prioritet olduğunu bildirdi".

Y.Bağırzadə deyib ki, Prezidentin Ələt Azad İqtisadi zonası, Xəzər dənizində ən böyük ticarət limanlarından birinin inşa edilməsi, Dəmir yolu infrastrukturuna geniş investisiya yatırılması, avtomagistrallar və hava limanları kimi layihələri həyata keçirilməsi ilə bağlı dedikləri Çin şirkətlərinin ölkəmizə olan marağının daha da artmasına təkan verəcək.

"Müsahibədə də qeyd olunduğu kimi, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır və Çin şirkətlərinin də bu imkanlardan faydalanmaq istəyəcəkləri heç bir şübhə doğurmur.
Prezident Azərbaycanın Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı da əlavə etmək niyyətində olduğunu bildirdi. Həqiqətən də bu olduqca vacib məqamdır. Belə ki, ölkəmizdə yaşıl enerji üçün böyük potensial var. Çin isə yaşıl enerji istehsalı üçün böyük texnologiyaya malikdir. Bu istiqamətdə səylərin birləşdirilməsi sözsüz ki, hər iki ölkə üçün faydalı olacaq”, – politoloq qeyd edib.

Xəyalə Bünyatova