Prezident İlham Əliyevin siyasi iradəsi, Dövlətimizin qətiyyəti, Ordumuzun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdıq. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu.
Qeyd edək ki, iki ildən artıq dövrdə Azərbaycan bu sənəddən irəli gələn bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirsə də, Ermənistan bu öhdəliklərə, beynəlxalq hüququn norma və prinsiplərinə zidd hərəkətləri, təxribatları, törətdiyi ekoloji terror ilə diqqətdədir.
Ölkəmiz bölgədə dayanıqlı sülhə və təhlükəsizliyə nail olmaq, Ermənistanla münasibətlərində yeni səhifə açmaq üçün beynəlxalq hüququn 5 əsas prinsipini özündə əks etdirən sülh müqaviləsini təklif edib.
Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur: “Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. Əlvan metalların qeyri-qanuni hasilatını aparan şirkətlərə qarşı Azərbaycan hökuməti tərəfindən hüquqi tədbirlər görülür. Erməni cinayətləri beynəlxalq səviyyədə də etiraf edilir. Belə ki, ATƏT, BMT-nin İnkişaf Proqramı, Ətraf Mühit Proqramı, Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi əraziləyə gəlsə də, monitorinq cəhdi baş tutmayıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəalların və QHT təmsilçilərinin Laçın-Xankəndi yolunda dekabrın 12-dən başlayan aksiyası bu gün də davam edir. Aksiya iştirakçıları ekoloji terror, faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə şüarlar səsləndirir, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.
Azərbaycanlı fəalların Laçın-Xankəndi yolunda davam edən aksiyaya beynəlxalq reaksiyalar barədə də söz açmağa ehtiyac var. Məlumdur ki, xarici aləmdəki müxtəlif ermənipərəst dairələr Laçın yolu məntiqinə köklənərək, obrazlı desək, rəngləri tündləşdirmək istəyirlər. Onlar Qarabağ bölgəsində ekoloji problemlərin mövcudluğuna diqqət yetirmir, azərbaycanlı mütəxəssislərin, dövlət qurumlarının nümayəndələrinin faydalı qazıntı yataqlarına baş çəkmələrinin zəruriliyindən yan keçirlər. Bu dairələr ölkəmizi humanitar fəlakət törətməkdə qınayır.
Ermənistandakı siyasilər də eyni məntiqlə hərəkət edir və aydın görünür ki, həm baş nazir Nikol Paşinyanın administrasiyası, həm də ölkədəki digər siyasi qüvvələr Qarabağdakı separatçı rejimin saxlanmasında maraqlıdırlar. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu barədə belə yanaşmanın regionda sülh yaratmaq istiqamətindəki səylərə xələl gətirdiyini vurğulamışdı. Dünya özünü yaranmış problemə reaksiya verməyə kökləyib. Hər halda, məsələnin BMT-nin Təhlükəsizlik Şurası kimi mötəbər tribunaya çıxarılması adi bir iş deyil. Aydındır ki, Ermənistan və havadarları nəticəsindən asılı olmayaraq, problemi beynəlxalq kürsülərə çıxarmaq əzmində fəaliyyət göstərməkdədirlər.
Əslində, belə bir müzakirə açmasının kökündə ciddi hüquq pozuntusu var. Laçın dəhlizi suveren Azərbaycan ərazisidir. Bu ərazini, hətta, bağlamaq da ölkəmizin müstəsna hüququdur. Bu hüquq heç bir şəkildə mübahisə mövzusu ola bilməz. Beynəlxalq qurumların isə istinad etdikləri ən başlıca meyar məhz hüquq olmalıdır.
Hüquqdan söz düşmüşkən, Laçın-Xankəndi yolundakı, Qarabağın separatçı rejimi üçün acınacaqlı sonluq vəd edən, duruma reaksiya verənlərdən biri də Avropa İnsan Hüquqları Məhkəməsidir. Bu ali instansiya məsələyə qarışmaq üçün heç bir yol tapmayıb, axırda məhkəmə reqlamentin 39-cu müddəasına əsaslanıb. O müddəaya ki, reqlamentin “Məhkəmə icraatı qaydası” adlı ikinci bölümünün “Ümumi müddəalar” adlı birinci fəslindəki “ilkin təminat tədbirləri”ni özündə əks etdirir. Əslində, bu yaramaz tapıntı da hüquq baxımından yolverilməzdir. Çünki ümumən, sözügedən reqlament, bilavasitə, məhkəmənin keçirilməsi qaydasını müəyyənləşdirir. O məhkəmənin ki, orada qaldırılmış iddianın, ilk növbədə, hüquqiliyi əsaslandırılmalıdır. Ona görə də Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edən tərəfdirsə, o, heç bir halda Azərbaycanın suveren ərazisi sayılan Laçın yolunun bağlı olmasını sorğulaya bilməz. Deməli, məhkəmə instansiyasının da məsələyə münasibət bildirmək hüququ yoxdur. Ancaq dünyada beynəlxalq hüququn interpretasiyalarına müxtəlif sui-istifadə məqsədləri naminə yol verilməsi tendensiya halını alıb. Bu, əslində, beynəlxalq hüquqa etinasız yanaşmanın göstəricisidir. Bəli, bir daha sübut olunur ki, Qərb Cənubi Qafqazdakı maraqlarının təminatını “erməni kartında” görmək üçün spekulyasiyalara əl atır.
Ermənistan hökuməti Dağlıq Qarabağdakı milliyətcə erməni sakinlərin tibbi xidmətə çatım başda olmaqla, həyati əhəmiyyətli xidmətlərə çatımı təmin edən "Laçın dəhlizi"nin blok edilməsi iddiası ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişdir. Bu tələb Dağlıq Qarabağla bağlı son silahlı ixtilaf zamanı Avropa İnsan Haqları Konvensiyasının maddələrinin çoxsaylı pozuntuları ilə bağlı iddiaları əhatə edən dövlətlərarası iş olan Ermənistan Azərbaycana qarşı iş kontekstində irəli sürülüb. Avropa İnsan Haqları Məhkəməsi dekabrın 21-də Ermənistanın “Laçın dəhlizi”ndəki durumla bağlı Azərbaycana qarşı müvəqqəti tədbirin görülməsi tələbi üzrə qərar qəbul edib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının dəhlizə Azərbaycanın nəzarət etməsinin mübahisəli olduğunu qeyd edib. Azərbaycanın dəhlizi 14 dekabr tarixdən blok etdiyi iddia olunsa da, Azərbaycan bunu təkzib etməklə, dəhlizin Azərbaycanın yox, Rusiyanın nəzarətində olduğu ifadə edir. Məhkəmənin qərarı başa düşüləndir ki, ehtiyacı olan qrupların dəhlizdən maneəsiz istifadəsinə imkan daxilində şərait yaradır. Bu baxımdan Azərbaycan tərəfindən hər hansı problem görünmür. Dəhliz ətrafında aksiya keçirən ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri onsuz da Dağlıq Qarabağdan Ermənsitana gedən təcili tibbi avtomobillərə, həmçinin humanitar yüklər aparan təchizat avtomobillərinin hərəkətinə hər hansı maneçilik törətməyib. Azərbaycan hökuməti də ərazidəki insanların humanitar ehtiyaclarını ödəməyə hazır olduğunu bildirir.
Dekabrın 20-də BMT Təhlükəsizlik Şurasında da Laçın yolundakı durumla bağlı müzakirələr keçirilib. İstər BMT-nin, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin Laçın-Xankəndi yolundakı duruma reaksiyası riyakarlıqdır. Əslində, bu riyakarlıqda özünü çox incə şəkildə göstərən bir reallıq da var. Aydındır ki, ermənipərəst dairələrin Qarabağdakı separatçılığa zərbə vuran durumu beynəlxalq müstəviyə daşımasında hüquqi rıçaqlar yoxdur. Bu yerdə köməyə gələn Azərbaycan, Rusiya və Ermənistan lidelərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatıdır. İstər BMT-dəki müzakirələrdə, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin yaydığı mətndə, məhz, bu bəyanata istinad edilir. Riyakarlıq isə ondadır ki, Qərb Rusiyanın Cənubi Qafqazdakı mövqeyini sarsıtmaq naminə onun Azərbaycanla Ermənistan arasındakı münaqişəni tənzimləmə missiyasını heçə endirmək yolu tutur.
Azərbaycan bir daha Ermənistanı beynəlxalq hüquqdan və üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməyə, suverenliyimizə və ərazi bütövlüyümüzə qarşı yönəlmiş fəaliyyətlərdən çəkinməyə, təcavüzkar siyasi və hərbi təxribatlarını dayandırmağa çağırır.
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru
