Məzmuna keç

“Prezidentin Dünya İqtisadi Forumunda iştirakı Azərbaycana həm siyasi, həm də iqtisadi cəhətdən töhfə verir” –

"Dünya İqtisadi Forumu beynəlxalq münasibətlər sistemində özünəməxsus çəkisi olan çox böyük bir beynəlxalq platformadır. Bu Forumda iqtisadi problemlərlə yanaşı, siyasi məsələlər də müzakirə olunur, dövlətlərarası münasibətlər, həm iqtisadi, həm siyasi əməkdaşlıq prespektivləri formalaşdırılır. Dünya İqtisadi Forumunda əvvəlki illərdə olduğu kimi, bu ildə 130-dan çox ölkənin təmsilçiləri, 52 dövlət və hökumət başcısı, bir çox nəhəng şirkətlərin rəhbərləri iştirak edirlər. Azərbaycan Prezidenti İlham Əliyevin də Forumda iştirakı ölkəmizin inkişafına həm siyasi, həm də iqtisadi cəhətdən böyük töhfə verir".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.

O bildirib ki, Prezident İlham Əliyev bu forumdan Azərbaycan dövlətinin maraqlarına uyğun və səmərəli şəkildə istifadə edir.

"Beynəlxalq aləmin Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, iqtisadi imkanlarımız barədə məlumatlandırılması dünyanın nüfuzlu şirkətlərinin diqqətinin ölkəmizə yönəlməsinə, investisiya cəlbinə mühüm təsir göstərir. Hesab edirəm ki, dövlət başçısının Davosda istər dövlət rəhbərləri, istərsə də iri biznes nümayəndələri ilə görüşləri həm siyasi, həm iqtisadi baxımdan əhəmiyyətlidir. Biz əvvəlki illərdə bu təcrübənin müsbət nəticəsini görmüşük. Keçirilən görüşlər Azərbaycana yeni ən müasir texnologiyaların cəlbi, müasir dünyada ölkələrarası rəqabətdə Azərbaycanın irəli çıxması deməkdir. Prezident İlham Əliyev görüşlərdə həm də Azərbaycan-Ermənistan münasibətlərindəki son durumla bağlı həmkarlarını məlumatlandırır, bu barədə fikir mübadiləsi aparır, Azərbaycanın mövqeyinə, proseslərə münasibətinə aydınlıq gətirir. Düşünürəm ki, informasiya müharibəsinin getdiyi bir zamanda bu da çox vacibdir", – deyə deputat qeyd edib.

Eltac Nurullazadə