Məzmuna keç

250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib

Hakimliyə namizədlərin sənəd qəbulu davamlı xarakter alıb

Ölkə Prezidenti cənab İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanı ilə hakimlərin yüksək iş yükünün azaldılması, işlərə daha tez və keyfiyyətlə baxılması məqsədilə hakim ştatlarının sayı 200 vahid artırılıb, habelə yeni ixtisaslaşmış məhkəmələr yaradılıb.

E-huquq.az xəbər verir ki, bununla əlaqədar Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin seçimi prosesinə başlanılıb, 200-dən çox namizədlə keçirilən müsabiqə, o cümlədən test üsulu ilə və yazılı imtahanlar nəticəsində 81 nəfər növbəti mərhələyə – şifahi imtahana vəsiqə qazanıb. Bununla yanaşı hakimliyə namizədlərin sənəd qəbulu davamlı xarakter alıb və 250-dək hüquqşünas hakim olmaq üçün sənədlərini təqdim edib. Hakimlərin Seçki Komitəsi bildirir ki, həmin namizədlərlə test imtahanı noyabr ayının 23-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28), həmçinin sənəd qəbulu bundan sonra da davam edəcəkdir. Müasir texnologiyalar tətbiq edilməklə keçirilən və onlayn qaydada canlı yayımlanan imtahanda hər bir namizəd sualları kompüter vasitəsilə, fərdi qaydada cavablandıracaq və nəticələr ona dərhal elan olunacaqdır. Eyni zamanda Komitə xatırladır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçirilir. Ödənişin məbləği belə xidmətlərin tariflərinə əsasən müəyyən edilib (110 AZN, ƏDV-siz). Namizədlərin rahatlığı üçün Dövlət İmtahan Mərkəzi noyabrın 14-dən etibarən dim.gov.az saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”nin elektron təqdim olunmasına və DİM-ə imtahana görə ödənişin elektron aparılmasına şərait yaradacaqdır. Hakimliyə namizəd şəxsiyyət vəsiqəsini və “İmtahana buraxılış vərəqəsi”ni imtahana mütləq gətirməlidir. Əks təqdirdə imtahana buraxılmayacaqdır. Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62 Həmçinin bildirilir ki, əvvəlki müsabiqə zamanı uğur qazanmış 81 nəfər hakimliyə namizədlə noyabr ayının 15-dən şifahi imtahanlara başlanacaqdır.