"Türkiyə ilə Azərbaycan bir millət iki dövlətdir. Bu ifadə təkcə sözdə deyil, həm də əməldə öz təsdiqini tapıb. Bizim çətin günümüzdə Türkiyə hər zaman öz dəstəyini göstərib. Azərbaycan da Türkiyənin çətin günlərində həmişə qardaş ölkənin yanında olub, həmrəylik nümayiş etdirib".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Türkiyədə zəlzələdən zərərçəkənlərə Azərbaycan tərəfindən göndərilən yardımlardan danışarkən deyib. O bildirib ki, dövlət səviyyəsində göstərilən yardımlarla yanaşı, sıravi vətəndaşlarımızın da yardım kampaniyası başlatması Azərbaycan-Türkiyə münasibətlərinin dünya üçün qardaşlıq nümunəsi olduğunu göstərir.
"Türkiyə bu gün böyük faciə ilə üzləşib. Zəlzələ nəticəsində 10 vilayətdə dağıntılar baş verib, şəhərlər yerlə-yeksan olub. Nəticədə xeyli sayda insan evsiz qalıb. Soyuqda qalan insanlar əziyyət çəkirlər. Bu çətin vəziyyətdə Azərbaycan Türkiyəyə ilk yardım göndərən ölkə oldu. Bununla yanaşı, xalqımız da yardım kompaniyasına qoşulub. İnsanlar müəyyən olunmuş yardım yığılma yerlərinə gələrək əllərindən gələn köməkliyi etməyə çalışırlar. Biz bu gün Türkiyənin yaşadığı çətin günü öz çətin günümüz kimi qəbul edirik. Azərbaycan olaraq Türkiyənin bu çətin vəziyyətdən çıxması üçün əlimizdən gələni edirik. Dövlətimiz və xalqımız səfərbər olunaraq qardaş ölkəyə öz dəstəyini göstərir", – deyə deputat qeyd edib.
Eltac Nurullazadə
