"Türkiyədə baş verən dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə də böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Azərbaycanın göstərdiyi dəstək ilə əlaqədar danışarkən deyib.
O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlaması, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirməsi, eləcə də fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir: “Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir”.
Y.Bağırzadə diqqətə çatdırıb ki, ümumilikdə faciə baş verdiyi andan etibarən indiyə qədər FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Bundan əlavə 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətdə də hazırda zəlzələdən ən çox əziyyət çəkən Kahramanmaraşda yaralılara yardım göstərilməsində iştirak edir: “Eləcə də Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan ilk xüsusi təyyarə 9 fevral tarixində Qaziantepə çatıb. Bu gün isə müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlardan ibarət daha bir təyyarə zəlzələ bölgəsinə çatıdırılıb”.
Politoloq Azərbaycanın ayrı-ayrı nazirlikləri, idarə və müəssisələri, dövlət qurumlarının hamılıqla Türkiyəyə dəstək məqsədilə səfərbər olduğunu vurğulayıb: “Özəl sektor da öz dəstəyini əsirgəmir. Özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda, texniki yardım göstərməyə başlayıblar. Azərbaycanın ən böyük şirkəti SOCAR öz dəstəyini verməyə başlayıb. SOCAR-ın Türkiyədə olan bütün yanacaqdoldurma məntəqələri xilasetm işlərində iştirak edən nəqliyyat vasitələrini pulsuz yanacaqla təmin etmək üçün fəaliyyətə başlayıb. Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər “Qardaş köməyı” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Dövlət qurumlarımızla, qeyri-hökumət təşkilatları və sahibkarlarımızla yanaşı xalqımız da bütün imkanları ilə səfərbər olunub. Bakı ilə yanaşı Azərbaycanın bir çox bölgələri Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulub. Qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, ölkənin müxtəlif şəhər və rayonlarında yaşayan sakinlər səhər saatlarından etibarən axın-axın təşkil olunan yardım toplama məntəqələrinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər”.
Y.Bağırzadə bildirib ki, bütün bu sadalananlar şübhəsiz ki, əsl qardaşlıq nümunəsidir.
“Təbii ki, Azərbaycanla Türkiyə hər zaman bir-birinin yanındadır. Bugünkü münasibətlərimiz də böyük öndər Mustafa Kamal Atatürkün dediyi “Azərbaycanın kədəri – kədərimiz, sevinci – sevincimizdir” və Ümummilli Liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə əsaslanır. Prezidentin də dediyi kimi, əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik", – deyə Politoloq qeyd edib.
Lalə Salmanova
