“Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasiminin keçirilməsi ölkəmizin enerji potensialını böyük ölçüdə gücləndirməklə yanaşı, həm də Avropanın enerji təhlükəsizliyi üçün mühüm bir töhfə olacaq”.
Bu sözləri e-huquq.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatı kifayət qədər aşağı olduğu üçün bu, imkan verəcək ki, ildə təqribən 800 milyonla 1 milyard kubmetr arasında qaza qənaət edilsin.
“Bu gün Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğunu nəzərə alsaq, qənaət edilən qazın da Avropaya verilməsi təbii olaraq həm ixrac imkanlarımızı artıracaq, həm də Avropa istehlakçısına əlavə qaz almaq imkanları verəcək. Məlumdur ki, son illərdə ölkəmizdə energetika sahəsində çox önəmli addımlar atılıb. 2022-ci ilin yanvar ayında Səudiyyə Ərəbistanını təmsil edən “ACWA Power” şirkəti ilə birlikdə 240 meqavat gücündə Külək Elektrik Stansiyasının təməlinin qoyulması, fevralda “Azərenerji” tərəfindən inşa edilmiş 385 meqavat gücündə elektrik stansiyasının açılışı, eləcə də bu günlərdə Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında mühüm qərarların qəbulu bunun ən bariz göstəricisidir. Müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının açılışının 2025-ci ildə nəzərdə tutulması isə ölkəmizin malik olduğu imkanların təqdimatı baxımından əlamətdar məqamdır. Qısa vaxt ərzində belə bir böyük layihənin həyata keçirilməsi şübhəsiz ki, böyük uğur olacaq. Elə cənab prezident də həmin tədbirdəki çıxşında bu məqama toxunaraq təməlqoyma mərasiminin olduqca əlamətdar hadisə olduğunu və bunun ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirməklə yanaşı, eyni zamanda, Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracağını vurğuladı”, – deyə politoloq qeyd edib.
Y.Bağırzadə deyib ki, Mingəçevir hazırda elektroenergetika sahəsində əsas şəhərimizdir və burada artıq güclü elektroenergetika infrastrukturu yaradılıb: “Reallıq budur ki, Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Mingəçeviri Qafqazın enerji mərkəzinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. Onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə böyük elektrik stansiyasının təməli qoyulmuşdur. Böyük stansiyanın birinci blokunun 1981-ci ildə Heydər Əliyevin şəxsən iştirakı ilə açılışı olmuşdur. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində belə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Sonrakı dövrlərdə, konkret desək 2018-ci ildə Mingəçevir Elektrik Stansiyasının yenidən qurulması prosesi başlamışdır. Qısa müddət ərzində – artıq iki ildə 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başlamış və 2400 meqavat generasiya gücünə malik olmuşdur. Bərpa-yenidənqurma işləri nəticəsində təqribən 600 meqavatdan çox itirilmiş güclər bərpa edilmişdi. Bu gün Mingəçevirin ölkəmizin enerji təchizatında oynadığı rol danılmazdır. Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında bir daha bəlli oldu. Prezidentin də qeyd etdiyi kimi 44 günlük müharibə zamanı döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu, yüzlərlə yaşayış evi tamamilə dağıdılmışdır, yüzə yaxın dinc insan həlak olmuşdur, o cümlədən Mingəçevir Elektrik Stansiyası da uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Bu raketlərin bir çoxu Azərbaycanın hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edildi, bəziləri isə hədəfə dəymədi”.
Politoloqun sözlərinə görə, Prezidentin çıxışında ən önəmli məqamlardan biri tikiləcək stansiyanın Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcəyi ilə bağlı məlumat oldu: “Məlumdur ki, stansiyanın ümumi dəyəri təqribən 400 milyon dollara bərabər olcaq. Stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağıdır. Bunun da səbəbi səmərəlilikdir. Eyni zamanda, bunun səbəbi odur ki, Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu yaradılmışdır və bu stansiyanın məhz Mingəçevirdə inşa edilməsi də ilk növbədə bu məqsədi güdür”.
Y.Bağırzadə digər önəmli məqamın stansiyanın xarici tərəfdaşlarla birlikdə inşa edilməsi olduğunu bildirib: “Məlum olduğu kimi stansiyanın tikintisində İtaliya və Çin şirkətləri iştirak edəcək. Prezidentin də qeyd etdiyi kimi İtaliya şirkətlərinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilib. Eləcə də energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı da İtaliyaya çatdırılır. TAP layihəsi də iki ölkənin birgə uğurudur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır”.
Politoloqun fikrincə, sadalananlar onu deməyə əsas verir ki, növbəti mərhələdə neft və qazla yanaşı artıq ölkəmizdə istehsal olunan elektrik enerjisi də Avropa məkanına çatdırılacaq: “Başqa sözlə desək ölkəmizin enerji potensialı Avropa üçün də yeni imkanlar açacaq”.
Lalə Salmanova
