"Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının daha aktiv şəkildə regional və qlobal proseslərə təsiri müşahidə olunmaqdadır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündən danışarkən deyib.
O bildirib ki, 120 dövləti birləşdirən Hərəkat ölkələrin bir yerdə cəmləşdiyi ən böyük qrupdur: "Bu BMT-dən sonra qlobal olaraq ikinci ən böyük təşkilat hesab olunur. BMT üzvlərinin üçdə ikisinin birləşdiyi Hərəkat dünya əhalisinin 55 faizini özündə cəmləşdirib. Hərəkata üzv olan dövlətlərdə il ərzində 15 trilyon dollara yaxın ümumi daxili məhsul formalaşdırılır. Bu qlobal iqtisadiyyatın 15 faizindən çoxu deməkdir. Ötən il hərəkata üzv dövlətlərin 4.5 trilyon dollardan çox ixracatı olub".
Deputatın sözlərinə görə, Azərbaycanın Hərəkatın fəaliyyətində fəal iştirakı və aktiv sədrliyi həmçinin ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə şərait yaradır.
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin son zirvə görüşündəki çıxışı Hərəkat vasitəsi ilə BMT və eləcə də Bretton-Vuds qlobal idarəetmə sistemində yeni təkmilləşdirməyə ehtiyacın olması və dəyişikliklərin necə aparılması ilə bağlı konkret istiqamətlərin təqdimatına imkan yaratdı. Ölkəmizin sədrliyi bir daha təsdiq etdi ki, Azərbaycan nəinki qlobal təşkilatlarda fəal iştirak edən, hətta bu qurumların idarəe dilməsində də aktiv mövqeyə malik olan dövlətlərdəndir", – deyə V.Bayramov qeyd edib.
Lalə Salmanova
