Məzmuna keç

Nəsib Məhəməliyev: “Ermənistanın yenidən silahlanmasına imkan verə bilmərik”

“Ermənilərin dünənki təxribatı gözlənilən idi. Çünki Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına mane olmaq istəyən qüvvələr var. Bu qüvvələr Qarabağın erməni icması ilə Azərbaycan nümayəndələri arasında keçirilən görüşü həzm edə bilmirlər”.

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasına münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycanın qətiyyətli mövqeyi destruktiv qüvvələri narahat edir.

“Bu qüvvələr anlayırlar ki, Azərbaycan höküməti Qarabağda yaşayan erməni vətəndaşları ilə təmaslar qurmaqda maraqlıdır və onların Azərbaycan cəmiyyətinə inteqrasiyası prosesləri davam etdiriləcək. Biz öz yolumuzla gedirik. Biz Qarabağda gedən proseslərə nəzarət edirik və imkan verə bilmərik ki, ora hərbi ləvazimatlar, silah-sursat daşınsın. Biz imkan vermə bilmərik ki, təbii sərvətlərimiz vəhşicəsinə talansın. Biz öz ərazilərimizdə ictimai-siyasi sabitliyi bərpa edəcəyik. Hesab edirəm ki, çox yaxın zamanlarda heç bir kənar təsirlərə baxmadan Laçın yolunda öz nəzarət postlarımızı qurmalıyıq. Çünki nəzarətin olmaması, müxtəlif yollarla Qarabağa silah-sursat və təxribatçı qüvvələrin aparılması bizim gələcəyimiz üçün təhlükədir. Biz onların yenidən silahlanmasına imkan verməməliyik", – deyə N.Məhəməliyev qeyd edib.

Lalə Salmanova