Məzmuna keç

“Prezidentin Almaniyaya səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”

"Avropa İttifaqının aparıcı ölkələrindən olan Almaniya 3.85 trilyon dollar ÜDM ilə dünyada 4-cü, “köhnə qitə”də isə ən böyük iqtisadi gücdür. Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələr artım dinamikası ilə inkişaf edir. 2020-ci ildə ölkələr arasında xarici ticarət dövriyyəsi 817 milyon 622 min dollar idisə ötən il bu rəqəm 1 milyard 257 milyon dollaradək yüksəlib. Son iki ildə ticarət həcmini 54.0 faizə yaxın artıran tərəflər ötən il ümumi dövriyyəni qoruyub saxlayıblar".

E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri barədə danışarkən deyib.

O bildirib ki, Almaniyanı təmsil edən şirkətlər Azərbaycan iqtisadiyyatında aktivdirlər: "Təbii ki, qarşılıqlı sərmayə qoyuluşlarında potensial daha böyükdür. Xüsusən də Almaniya şirkətləri texnologiya və innovasiya transferi baxımdan böyük imkanlara malikdirlər".

Deputatın sözlərinə görə, Azərbaycan ilə Almaniya arasında iqtisadi əlaqələrin qeyri-neft sektoru üzrə daha da inkişaf etməsi potensialı kifayət qədər böyükdür. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək.

Lalə Salmanova