Abşeron rayonunda yerləşən ət kombinatlarından birindən oğurluq etməkdə təqsirləndirilən Məhəmməd Yaşarlı, Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə və Orxan İbrahimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, M.Yaşarlının başçılıq etdiyi dəstə üzvləri müəssisəyə məxsus anbarlardan 80 tondan çox ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar. Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub. M.Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları N.Ələsgərov, S.Sarıyev və H.Məmmədovun köməyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib. Bu qanunsuz əməldə M.Yaşarlıya kömək edən həmin şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar. M.Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları S.Süleymanzadə və O.İbrahimovun köməyi ilə satıb.
Saxlanılan şəxslərə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
