Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zeynalabdin Balakişiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İslam Neymanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1991-ci il təvəllüdlü Z.Balakişiyev ötən ilin avqust ayında dövlət sərhədini pozaraq İrandan Azərbaycana narkotik vasitə keçirməyə cəhd edərkən saxlanılıb. O, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayıb hadisə yerindən uzaqlaşmağa cəhd edərkən saxlanılıb. Üzərinə baxış keçirilərkən 1 ədəd bağlamanın içərisində 18 kq 385 qram narkotik vasitəyə bənzər maddələr (14 kq 755 qram marixuana və 3 kq 630 qram tiryək) aşkar olunaraq götürülüb. Z.Balakişiyev barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
