Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniyanın tələbi əsasında Pakistan İslam Respublikasının vətəndaşı Magsud Zafarın (ad-soyad şərti) ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
E-huquq.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Pakistan vətəndaşının vəkilləri İbrahim Hüseynov və Misir Şahquliyev vəsatət qaldırıb.
Vəkillər M.Zafarın səhhətində yaranmış problemləri və məhkəmə araşdırmasının uzun çəkməsinin onun hüquqlarını pozmasını əsas gətirərək barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyiblər.
Məhkəmə vəsatəti təmin edib. M.Zafarın barəsində həbs qətimkan tədbiri polisin nəzarəti altına vermə qətimkan tədbirinə dəyişdirilib və o, azadlığa buraxılıb.
Qeyd edək ki, çirkli pulların yuyulmasında ittiham olunan M.Zafar Böyük Britaniyanın tələbi əsasında beynəlxalq axtarışa verilib. O, 2022-ci ildə Azərbaycanda saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Eltac Nurullazadə
