Məzmuna keç

Evlərdən oğurluq etməkdə təqsirləndirilən dəstənin ibtidai istintaqı yekunlaşdı

Masallıda evlərdən oğurluq etməkdə təqsirləndirilən Qəfər Əhmədi, Elton Seyfulla və Mehrab Abdullayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Zeynal Zeynalovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası aprelin 12-nə təyin olunub.

Qeyd edək ki, Çaxırlı kəndindəki yaşayış evlərindən birindən 1 150 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən kənd sakinləri Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla onların həmin kənddə yerləşən daha bir neçə yaşayış evindən oğurluq etdikləri məlum olub. Belə ki, Q.Əhmədi, E.Seyfulla və M.Abdullayev əsasən yaşayış olmayan evləri seçərək 2 gecə ərzində ümumilikdə 8 evdən məişət əşyalarını oğurlayıb müxtəlif ünvanlarda satıblar. Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə