Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xırdalan şəhərində vətəndaşları qəbul edib.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbir görürlər.
Noyabrın 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Xırdalan şəhərində Abşeron rayonundan olan vətəndaşları qəbul edib.
Dövlət Gömrük Komitəsinin sədri qəbuldan öncə ulu öndər Heydər Əliyevin Xırdalan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Qəbulda vətəndaşların yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Müraciətlər əsasən idxal-ixrac əməliyyatları zamanı rəsmiləşdirmə və digər gömrük məsələləri ilə bağlı olub.
