"Texnologiyanın inkişafı təhlükəsizlik məsələsinin yüksək səviyyədə təmin olunmasını bir daha ön plana çəkir. Günümüzdə haker hücumlarının əsas məqsədi təkcə kompüterə olan informasiyanı məhv etmək deyil, həm də onların icazəsiz ələ keçirilməsidir. Bunun qarşısını texniki vasitələrin köməyi ilə ala bilmiriksə, burada bizim köməyimizə kriptoqrafiya çatır".
E-huquq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi Məxfiləşdirici Rabitə Aparatları Mərkəzinin rəisi Nicat Feyziyev "Kriptoqrafiya üzrə elmi-praktiki seminar"da çıxışı zamanı deyib.
O bildirib ki, hazırda yeni texnologiyaların istifadəsi zamanı kriptoqrafiyaya böyük önəm verilir.
"Elektron Məxfilik İnformasiya Mərkəzi əksər dünya ölkələri arasında kripotqrafiya sahəsində milli siyasət və qanunvericilik barəsində hesabat hazırlayıb. Bu hesabatda ölkələrin qəbul etdikləri və həyata keçirdikləri kriptoqrafiyaya nəzarət sistemi şərti işarələrlə 3 qrupa bölünüb. Hesabatın analizi göstərir ki, hazırda dünya ölkələrinin əksəriyyətində kriptoqrafiyaya nəzarət günü-gündən artır. Kriptoqrafik vasitələrin tətbiqinə ciddi nəzarət edən ölkələrə Belarus, Çin, Sinqapur, İsrail, Pakistan, Rusiya kimi ölkələr aiddir. Azərbaycan da bu gün həmin ölkələrlə sıx əməkdaşlıq çərçivəsində kriptoqrafiya sahəsinə nəzarəti gücləndirir. Hazırda yeni texnologiyaların istifadəsi zamanı kriptoqrafiyaya böyük önəm verilir. Ordumuzda da kriptoqrafik cihazlardan, o cümlədən kibertəhlükəsizlik vasitələrindən məlumat mübadiləsinin aparılması zamanı kibertəhlükəsizlik qaydalarına əməl olunmasına böyük önəm verilir. Bunlar yeni alınmış texnologiya və onlar üzərində tətbiq olunan kriptoqrafik əməliyyatlardır. Kibertəhlükəsizlik qaydalarına əməl olunması istər şəxsi, istərsə də dövlətimiz üçün çox böyük əhəmiyyət kəsb edir", – deyə N.Feyziyev qeyd edib.
Şəbnəm Mehdizadə
