Dünyada qaçqınların və məcburi köçkünlərin sayı 108 milyonu keçib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) hesabtında bildirilir.
Hesabata görə, münaqişə, zorakılıq, insan haqlarının pozulması kimi ictimai asayişi pozan hadisələr nəticəsində 108,4 milyon insan evlərindən didərgin düşüb.
Hesabatda deyilir ki, münaqişələr bu rəqəmləri artırmağa davam edir.
Bildirilir ki, dünya üzrə qaçqınların ümumi sayı 2021-ci ildə 27,1 milyon olduğu halda, 2022-ci ildə 35,3 milyona yüksəlib. Bu artımın BMT QAK tərəfindən qeydə alınan ən böyük illik artım olduğu vurğulanıb.
“Bu artım əsasən öz ölkələrindəki silahlı münaqişələrdən qaçan ukraynalı qaçqınlarla bağlı olub. Rusiyanın 2022-ci il fevralın 24-də Ukraynaya təcavüzündən sonra 11,6 milyon ukraynalı evlərindən didərgin düşüb. Onlardan 5,9 milyonu məcburi köçkün düşüb. 5,7 milyonu isə qonşu ölkələrə getməli olub”, – hesabatda deyilir.
Ümumilikdə, bütün qaçqınların və beynəlxalq müdafiəyə ehtiyacı olan digər şəxslərin 52 faizi yalnız üç ölkədən gəlib: Suriya (6,5 milyon), Ukrayna (5,7 milyon) və Əfqanıstan (5,7 milyon).
Şəbnəm Mehdizadə
