“Siyasi partiyalaşma institutunun gücü partiyaların sayının çox olmasında yox, güclü siyasi partiyaların olmasındadır”.
Bu sözləri e-huquq.az-a politoloq Yusif Bağırzadə siyasi partiyaların reyestr məlumatlarının toplanılması ilə bağlı prosesləri şərh edərkən deyib.
O, son dövrlərdə siyasi partiyaların fəaliyyətini müsbət qiymətləndirib: “Siyasi partiyaların öz üzvləri ilə bağlı reyestr məlumatlarını təqdim etməsinə az bir müddət qalır və qanuna uyğun olaraq iyul ayının 10-dək prosesin başa çatması gözlənilir. Beş aydan artıq vaxt ərzində siyasi partiyaların bu istiqamətdə fəaliyyətinə nəzər yetirdikdə gördük ki, ölkənin siyasi həyatında bir canlanma baş verdi. Partiyalar öz güclərini bir daha götür-qoy etmək imkanı əldə etdilər. Rayonlara səfərlər, uzun müddətdir əlaqə saxlanılmayan partiya üzvləri ilə əlaqələrin bərpası, partiya üzvləri haqqında son məlumatların toplanması və s. bu kimi fəaliyyət ilk növbədə partiyaların özünün toparlanmasına imkanlar açdı. İndiyə qədər 5000 üzvü olmayan partiyalar isə yaranmış bu fürsətdən istifadə edərək öz sıralarını genişləndirə bildilər. Xatırlayırsınızsa uzun müddətli fasilədən sonra ilk belə canlanma Prezident Adminstrasiyasında “Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr” şöbəsinin yaranması zamanı müşahidə edilmişdi. Partiyaların bir-birinin ardınca Qurultaylarını keçirməsi, qeydiyyat problem olan partiyaların qeydiyyatdan keçməsi sözün əsl mənasında siyasi partiyaların fəaliyyətində canlanmaya səbəb olmuşdu”.
Politoloq bildirib ki, yeni qanunun qəbulu ilə növbəti mərhələyə qədəm qoyulub: “Daha sonra şöbəyə rəhbərlik edən Ədalət Vəliyevin və şöbənin əməkdaşlarının səyi nəticəsində hakimiyyətlə siyasi partiyalar arasında dialoqun şahidi olduq. Ədalət Vəliyevin şəxsən, hər hansı bir ayrı seçkilik olmadan dəfələrlə siyasi partiya rəhbərləri ilə görüşləri, qaldırılan problemlərin operativ şəkildə həllini tapması, partiyaların müvafiq ofislərlə təmin edilməsi, ayrı-ayrı məsələlərə dair müzakirələrin keçirilməsi ölkədə siyasi partiyalaşma institutuna müsbət mənada təkan vermis oldu. Bu müddət ərzində təbii olaraq siyasi partiyalarımızın real gücləri, imkanlarına da baxış keçirmək mümkün oldu. İndi isə “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu ilə növbəti mərhələyə qədəm qoyulub. Gözlənildiyi kimi uzun müddətdir qeydiyyatdan keçməsinə baxmayaraq siyasi proseslərdə aktiv rol almayan, seçkilərdə iştirak etməyən, ətraflarına yetərli qədər tərəfdar toplaya bilməyən partiyalar düzgün qərar qəbul edərək fəaliyyətlərini dayandırdılar. Hazırda belə partiyaların sayı 25-dir, amma düşünürəm ki, qarşıdakı günlərdə daha bir neçə partiya tərəfindən oxşar qərarların verilməsinin şahidi olacağıq”.
Y.Bağırzadə vurğulayıb ki, siyasi partiyalaşma institutunun gücü partiyaların sayının çox olmasında yox, güclü siyasi partiyaların olmasındadır: “Yəni başqa sözlə desək 50-60 heç bir təsir imkanlarına malik olmayan partiyanın olmasındansa 5-6 güclü, siyasi prosseslərə təsir imkanları olan, müxtəlif səviyyəli seçkilərdə iştirak etmək gücündə olan, yerli strukturları və elektoratı olan partiyaların olması daha faydalıdır. Mən tamamilə əminəm ki, “Siyasi Partiyalar Haqqında” yeni qanunun qəbulundan sonra həyata keçirilən fəaliyyət siyasi partiya institutunun daha da inkişaf etməsinə öz müsbət təsirini göstərəcək”.
Şəbnəm Mehdizadə
