Məzmuna keç

BMT “Taxıl sazişi”ni davam etdirməyə çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş "Taxıl sazişi"nin davam etdirilməsinə çağırıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin mətbuat katibinin müavini Fərhan Haq bildirib.

"BMT-nin baş katibi tərəfləri prosesi sürətləndirməyə və bu həyati təşəbbüsün müddətini uzatmaq üçün bütün lazımi səyləri göstərməyə çağırır", – o deyib.

Açıqlamada Quterreşin yoxlamaların ləngiməsi və Yujnı/Pivdennıy limanının ləğv edilməsindən təəssüfləndiyi bildirilib. Bu vəziyyətin gəmilərin hərəkətliliyinin azalmasına və qlobal bazarlarda ərzaq tədarükünün azalmasına səbəb olduğu qeyd edilib.

Bəyanatda BMT-nin taxıl təşəbbüsünə və Rusiya ilə BMT arasında imzalanmış anlaşma memorandumuna tam sadiq olduğu vurğulanaraq, təşəbbüsün xüsusilə Ukrayna və Rusiyada biçin vaxtının başladığı bu dövrdə əhəmiyyətli olduğuna diqqət çəkilib.

Xatırladaq ki, ötən ilin iyulun 22-də İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BMT-nin Baş katibi Antoniu Quterreşin iştirakı ilə Ukrayna limanlarından taxılın təhlükəsiz daşınmasına dair saziş imzalanıb. Sənədi Ukrayna, Rusiya, BMT və Türkiyə nümayəndələri imzalayıblar. 19 noyabr 2022-ci il tarixindən etibarən 120 gün müddətinə uzadılan müqavilənin 18 martda yenidən uzadılmasına qərar verilib. Rusiya rəsmiləri iyulun 18-də başa çatacaq müqavilənin uzadılması üçün bir imkan görmədiklərini bildiriblər.

Şəbnəm Mehdizadə