Çinin paytaxtı Pekində havanın temperaturu günorta saatlarında 40 dərəcəni keçərək indiyə qədər iyun ayında qeydə alınan ən yüksək göstəriciyə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, gün ərzində havanın temperaturu 40,7 dərəcə olub.
Daha əvvəl qeydə alınan ən yüksək temperatur 1961-ci il iyunun 10-da 40,6 dərəcə olub.
Pekindən təxminən 100 kilometr şimalda Tanxikou kəndi 41,8 dərəcə temperaturla Çinin ən qaynar nöqtəsi olub.
Həddindən artıq isti ilə əlaqədar "narıncı" xəbərdarlıq elan edilib. "Narıncı" həyəcan Çinin 4 dərəcəli isti hava xəbərdarlığı sistemində "qırmızı"dan sonra ikinci ən yüksək səviyyəni təmsil edir.
Digər tərəfdən, həddindən artıq istilər Pekinin ətrafındakı bölgələrdə də təsir göstərir. Paytaxtdan 110 kilometr cənubda yerləşən Tiensin liman şəhərində havanın temperaturu 41,2 dərəcəyə çataraq rekordu yeniləyib.
Şəbnəm mehdizadə
