İranın cənub-şərqindəki Sistan-Bəlucistan əyalətində qum fırtınası ilə əlaqədar 403 nəfər xəstəxanalara müraciət edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sistan-Bəlucistan bölgəsinin rəsmisi Məcid Muhibbi məlumat verib.
"Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 403 nəfər xəstəxanalara müraciət edib. Onlardan 70-i xəstəxanaya yerləşdirilib. 333 nəfər ambulator müalicə alıb", – deyə o bildirib.
Küləyin sürətinin 104 kilometrə çatdığı bölgədə havada tozun miqdarında ciddi artım olduğu qeyd olunub. Bildirilib ki, havada tozun miqdarının artması səbəbindən Zehekdə görmə məsafəsi 500 metrə, Zabulda isə 2 kilometrə qədər azalıb.
Qeyd edək ki, Sistan-Bəlucistan əyalətində ötən ay fırtına səbəbindən 6 gündə 1191 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər ölüb.
Şəbnəm Mehdizadə
