Məzmuna keç

Vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün test imtahanlarına start verildi

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il sentyabrın 18-də elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə start verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün bu il sentyabrın 18-də elan olunmuş müsabiqənin test imtahanları mərhələsinə start verilib.

Komissiyadan e-huquq.az-a verilən xəbərər görə, müsabiqəyə çıxarılan 224 vakant vəzifənin tutulması üçün 573 namizəd sənəd təqdim edib.

Namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər), Dövlət Sosial Müdafiə Fondu (40 nəfər), Gənclər və İdman Nazirliyi (34 nəfər) üstünlük təşkil edir.

İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilir. İmtahanda qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 olmaqla 100 sual təqdim edilir, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilir. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. İmtahan bitdikdən dərhal sonra namizədlərə test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanlarında müvafiq keçid balını toplayan şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Test imtahanları dekabrın 18-dək davam edəcək.