Məzmuna keç

Bakıda “Biznes hüququ” mövzusunda yay məktəbi təşkil olunub –

Dünyanın ən böyük hüquqşünas tələbə təşkilatı olan ELSA Azərbaycanın (Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı İctimai Birliyi) təşkilatçılığı, Azərbaycan Respublikası Ali Məhhkəməsinin və Vəkillər Kollegiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən “Biznes hüququ” mövzusunda 7-ci Beynəlxalq Yay Hüquq Məktəbinin açılış mərasimi baş tutub.

E-huquq.az xəbər verir ki, tədbir Milli Məclisin deputatı, ELSA Azərbaycanın həmtəsisçisi Kamal Cəfərovun çıxışı ilə açıq elan olunub.

Sonra çıxış edən Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Vüqar Babayev Kollegiyasının sədri Anar Bağırov adından tələbələrlə fikirlərini bölüşüb və ELSA Azərbaycanla əməkdaşlıqdan bəhs edib.

Daha sonra ELSA Azərbaycanın Prezidenti Rəhim Abasov çıxış edərək bir neçə illik fasilədən sonra belə genişmiqyaslı tədbirin keçirilməsinin ölkəmizin hüquqşünas təşkilatı üçün əhəmiyyətini vurğulayıb və təşkilata dəstək göstərən qurumlara təşəkkür edib.

Məlumat üçün bildirək ki, 9-16 iyul tarixlərini əhatə edəcək silsilə təlimlərdə avropalı hüquq tələbələri biznes hüququna dair baza bilikləri əldə etməklə yanaşı, mədəni və sosial proqramlar vasitəsilə Azərbaycan mədəniyyəti ilə yaxından tanış olacaqlar. Yay məktəbində İsveçrə, Fransa, Norveç, İngiltərə, Almaniya, Avstriya, İtaliya, Çexiya, İspaniya, Finlandiya, Xorvatiya, Polşa, Macarıstan, Sloveniya, Estoniya, Serbiya və Türkiyədən ümumilikdə 70 nəfər hüquq tələbəsi iştirak edir.

Qeyd edək ki, tədbirin nəzərdə tutulan təşkilati səfərləri Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmaqla xarici iştirakçılara ulu öndərin çoxsaylı islahatlarını tanıtmaq məqsəsi daşıyır.