"Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus tibbi təxliyyə həyata keçirən nəqliyyat vasitələrindən qaçaqmalçılıq üçün istifadə olunması ilə bağlı xəbardarlıqlarımıza baxmayaraq onların öz qanunsuz əməllərinə davam etmələri yolverilməzdir".
Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O bildirib ki, BQXK-nın Ermənistan nümayəndəliyi humanitar məqsədlər üçün yox, ancaq separatçıların təminatını qaçaqmalçılıqla həyata keçirmək üçün fəaliyyət göstərir.

"Laçın dövlət sərhəd keçid məntəqəsinin yaradılması qanuni daşımalar üçün heç bir məhdudiyyət yaratmır. Bu məntəqənin yaradılmasından keçən dövrdə Qarabağda yaşayan ermənilər pasportları təqdim etməklə sərbəst şəkildə Ermənistana gedib-qayıda bilirlər. O cümlədən ilk gündən Beynəlxalq Qırmızı Xaç Komitəsinə də xəstələrin daşınması üçün heç bir maneə olmadan imkan yaradılıb. Amma aparılan yoxlamalar nəticəsində məlum olub ki, BQXK humanitar məqsədlər adı altında qaçaqmalçılıqla sərhəddən qanunsuz gizli daşımaları həyata keçirir. Bu da beynəlxalq normalara və suveren Azərbaycanın qanunlarına ziddir. Ona görə də hesab edirəm ki, BQXK-nin Ermənistan ofisinin Xankəndidə fəaliyyəti mütləq şəkildə dayandırılmalı və Bakıda yerləşən ofisindən təmin olunmalıdır. Çünki Xankəndi Azərbaycanın şəhəridir və ərazilərimiz daxilindəki fəaliyyətlər ancaq Azərbaycandakı qurumlar tərəfindən həyata keçirilməlidir. Düşünürəm ki, BQXK-nin Ermənistana gediş-gəlişi dayandırılmalıdır və bütün humanitar məqsədli daşımalar Azərbaycanla bağlı olmalıdır. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları hesab edir və orda hər hansı bir xəstənin tibbi yardıma ehtiyacı varsa, ölkəmizin xəstəxanalarda bu yardımlar göstərilməlidir", – deyə deputat qeyd edib.
Şəbnəm Mehdizadə
