Bakıda qətl törətməkdə ittiham olunan Əzizə Seyidova, Mehdi Məmmədov, Elvin Əliyev və Bəxtiyar Fərzəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Sabunçu Rayon Prokurorluğunun məlumatına görə, 1993-cü il təvəllüdlü Əli Seyidlinin paytaxtın Sabunçu rayonunda yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi faktına görə rayon prokurorluğunda cinayət işi başlanılıb. Keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı, 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü M.Məmmədov, 1988-ci il təvəllüdlü E.Əliyev və 1995-ci il təvəllüdlü B.Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan şəxslər şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
