Britaniyalı keçmiş paraşütçü Karl Buşbi 29 ölkəni əhatə edən dünya səyahətini piyada başa vuraraq doğma şəhərinə qayıdıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, 1998-ci ildə Çilinin ən cənubunda yerləşən Punta Arenas şəhərindən yola çıxan 57 yaşlı Karl Buşbi uzun illər davam edən səyahətini başa vuraraq İngiltərədəki doğma şəhərinə çatıb.
28 il davam edən və 57 min 936 kilometri aşan səyahətdən sonra Hall şəhərinə qayıdan Buşbini Kraliça Viktoriya meydanında böyük izdiham qarşılayıb.
Səyahətə 29 yaşında başlayan keçmiş hərbçi iki əsas prinsipə əməl edib. O, səyahətini tam başa çatdırmadan evə qayıtmamağı və yol boyu irəliləmək üçün heç bir nəqliyyat vasitəsindən istifadə etməməyi qarşısına məqsəd qoyub.
Dörd qitəni, donmuş dənizləri, səhraları, meşələri və dağları piyada keçən Buşbi fasiləsiz ən uzun piyada səyahətlərindən birini həyata keçirərək dünyanı piyada dolaşan ilk insan kimi tarixə düşüb.
Səyahət zamanı Berinq boğazını və Darien keçidini piyada keçən səyyah qütb ayıları ilə qarşılaşıb, silahlı təhdidlərə məruz qalıb. Rusiyada isə casusluq ittihamı ilə saxlanılaraq ölkədən çıxarılma qərarı ilə üzləşib.
Bütün əşyalarını “Beast 2” adlandırdığı təkərli arabada daşıyan Buşbi qarşılaşdığı çətinliklərə baxmayaraq, məqsədinə çatmağı bacarıb.
Kraliça Viktoriya meydanında keçirilən rəsmi qarşılanma mərasimindən sonra səyyah uşaqlığının keçdiyi evə yollanıb. O, burada 75 yaşlı anası Angela, 36 yaşlı oğlu və indiyədək üz-üzə gəlmədiyi 12 yaşlı nəvəsi ilə görüşüb.
Meydanda qurulan səhnədən həmşəhərlilərinə müraciət edən Buşbi əldə etdiyi uğurun yalnız özünə aid olmadığını bildirib. O, səyahət boyunca ona kömək edən insanlara və dünyanın müxtəlif yerlərindən göstərilən dəstəyə görə təşəkkür edib.
Şəbnəm Mehdizadə
