Bakıda torpaq sahəsinin başqaları tərəfindən qanunsuz olaraq zəbt olunduğu iddia olunur.
Bu barədə e-huquq.az-a müraciət edərək problemin işıqlandırılmasını istəyən "Delta Land" şirkətinin rəsmi nümayəndəsi Səid Quliyev bildirib.
Onun sözlərinə görə, şirkət yaşayış kompleksi tikmək məqsədilə 2007-2008-ci illərdə Bakının Kürdəxanı qəsəbəsində 50 hektardan çox torpaq sahəsi alıb: ""Delta Land" şirkətinin təsisçisi Estoniya şirkətidir. Mən bu şirkətin payçısı və Azərbaycandakı rəsmi nümayəndəsiyəm. Bizim məqsədimiz Azərbaycanda torpaq sahəsi almaq və burada yaşayış kompleksi tikmək idi. Bu məqsədlə Estoniyadan investorlar cəlb etdim. Həmin dövrdə 15 milyon avroya yaxın məbləğdə vəsait qoyuldu (torpaqların alınması, sakinlərin köçürülməsi, yolların çəkilməsi və s. üçün). Biz 2007-ci ildə Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsində 52 hektar torpaq sahəsi əldə etdik. Bu torpaqlar bizə bələdiyyə sənədi ilə satıldı. O zaman torpaqların alınmasına görə 1 milyon 500 min manat pul vəsaiti ödənilib.Təkcə sakinlərin köçürülməsi 13 milyon dollara yaxın konpensasiya verilib. Sonradan çıxarış çıxarış əldə edilməsi zamanı ayrı-ayrı vəzifəli şəxslər və dövlət orqanları tərəfindən bizə maneələr yaradılmağa başlanıldı. Həmin məmurlar tərəfindən məhkəmələrə açıq-aşkar təzyiqlər olunmağa başladı.
S.Quliyev deyir ki, bir müddət sonra həmin torpaqların ayrı-ayrı şəxslərə qanunsuz olaraq satıldığını öyrənib: "Təxminən 7-8 il əvvəl həmin ərazidə tikinti işlərinə başladıq. Torpağın bir hissəsini hasara aldıq. Lakin bir gün gəlib gördük ki, ərazidə traktorlar işləyir və hasar dağıdılıb. Nə baş verdiyini soruşduqda isə Sabunçu Rayon İcra Hakimiyyətindən bildirdilər ki, bu torpaqlar qanunsuz yolla satılıb, ona görə də tikinti apara bilmərik. Bundan sonra mən işlərimlə əlaqədar olaraq bir müddət Estoniyada oldum və bu məsələ ilə bağlı hər hansı addım ata bilmədim. Təxminən 3-4 il əvvəl isə gəlib gördüm ki, aldığımız torpaqlarda yaşayış evləri və digər obyektlər tikilib. Məlum oldu ki, həmin torpaqlar ayrı-ayrı şəxslərə satılıb. Torpaqlarımızı zəbt edən şəxslər bu əraziləri icra başçısının razılığı ilə əldə etdiklərini bildirdilər. Məsələni aydınlaşdırmaq üçün icra hakimiyyəti başçısının qəbuluna getmək istəsəm də, bugünədək bu, mümkün olmayıb".
Şirkət nümayəndəsi bildirir ki, hazırda əllərində qalan təxminən 10 hektara yaxın ərazini də itirmək üzrədirlər: "Bu illər ərzində həmin 50 hektardan çox torpaqdan bizdə cəmi 10 hektar qalıb. Və bir gün mənə zəng gəldi ki, artıq həmin ərazidə də tikinti işləri aparılır. Gəlib maraqlandım, ustalar bildirdi ki, torpağın sahibi onlara hasarlama işlərini tapşırıb. Dedim ki, torpağın sahibi mənəm. Az sonra Sərdar Şahmuradov adlı şəxs mənə zəng edərək torpağın onlara satıldığını və əllərində rəsmi sənədlər olduğunu bildirdi. Məsələni aydınlaşdırmaq üçün onunla görüşmək istəsəm də, qarşı tərəf görüşdən imtina etdi. Sonradan mənə bəlli oldu ki, həmin şəxs mənim barəmdə əsassız olaraq Sabunçu Rayon Polis İdarəsinə şikayət edib və ərazidə çəkdiyi hasarı dağıtdığımı iddia edib. Onun bu əssasız şikayəti Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat şöbəsi tərəfindən icraata götürülüb. Həmin iş üzrə bütün zəruri sənədləri təqdim edərək lazımi izahatları vermişəm. Polisə barəmdə əsassız və böhtan xarakterli şikayətin edilməsini mənə qarşı təzyiq kimi qiymətləndirirəm. Nəticə etibarilə təmsil etdiyim şirkətin külli miqdarda investisiyaları batırılıb. Xarici investerların biznes maraqlarına zərbə dəyib, onların hüquqları pozulub və bizə külli miqdarda ziyan dəyib. Fürsətdən istifadə edib, hüquq-mühafizə orqanlardından, xüsusilə Baş prokuror cənab Kamran Əliyevdən məsələnin araşdırılması üçün göstəriş verilməsini xahiş edirəm".
