"Biz kiberhücumların, eləcə də transmilli xarakterli cinayətlərin statistikasına baxdıqda görə bilərik ki, bu halların sayı artmaqdadır. Bu da öz növbəsində kibertəhlükəsizlik sahəsinə ölkələrimiz tərəfindən daha böyük önəmin verilməsini şərtləndirir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Balacanov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində 12-16 yaş arası məktəbli və yeniyetmələr üçün təşkil edilən “Cyber Summer School – 2023” beynəlxalq yay məktəbinin açılış mərasimində deyib.
O bildirib ki, hazırda bu sahədə kadr potensialının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır.
"Bu gün açılışını etdiyimiz yay məktəbi də gələcəkdə bu sahədə kadr potensialının gücləndirilməsinə töhfə vermək məqsədilə təşkil olunub. Hesab edirik ki, kibertəhlükəsizlik sahəsində potensialın gücləndirilıməsinə daha erkən yaşlardan başlamaq lazımdır. Artıq 3-cü ildir ki, bu tədbir həyata keçirilir. Biz başa düşürük ki, kibertəhlükəsizliyin təmin olunması, kibercinayətkarlığa qarşı mübarizənin aparılması dövlətlərdən qarşılıqlı şəkildə əməkdaşlığın həyata keşirilməsini tələb edir. Ona görə də bu il ötən ilkindən fərqli olaraq, əhatə tədbirin dairəsini biraz da genişləndirib İsrail və Türkiyə ilə yanaşı, Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan, Qırğızıstandan olan yeniyetmələri də yay məktəbinə cəlb etmişik. Bizim üçün sevindirici haldır ki, tərəfdaş qismində müraciət etidiyimiz dost ölkələr təklifimizi qəbul etdilər. Bu, onun göstəricisidir ki, biz gələcəkdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsində daha böyük uğurlar əldə edə bilərik", – deyə E.Balacanov qeyd edib.
Şəbnəm Mehdizadə
