Azərbaycan Respublikası Məhkləmə Hakimləri Assosiasiyaları İttifaqının “Heydər Əliyev ili” ilə bağı tədbirlər planına uyğun olaraq, iyulun 29-da Assosiasiya üzvləri Tərtər rayonunda olublar
E-huquq.az-ın məlumatına görə, işğaldan azad olunmuş Suqovuşan qəsəbəsi və Talış kəndinə gedən Assosiasiya üzvləri erməni vandallarının törətdikləri cinayətlərin izləri və azad olunduqdan sonra həmin ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.
Səfər çərçivəsində Tərtər rayonun Talış kəndi üzrə nümayəndəsinin iştirakı ilə Talış kəndində məskunlaşmış sakinlərlə görüş keçirilib.
Görüşdə çıxış edən Azərbaycan Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin sədri Ələddin Cəfərov bildirib ki, Ermənistanın ölkəmizə qarşı irəli sürdüyü ərazi iddiaları nəticəsində 250 minə yaxın soydaşımız dədə-baba yurdlarından qovulub: "Torpaqlarımızın 20 faizinin işğal olunması nəticəsində 700 mindən çox soydaşımız doğma yurdundan didərgin düşüb, dövlətimiz real vətəndaş müharibəsi və məhv olmaq təhlükəsi ilə üzləşib. Həmin dövrdə xalqın təkid və tələbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dövlət və hakimiyyət böhranı aradan qaldırılıb, vətəndaş müharibəsinin qarşısı alınıb. Ölkədə ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyat gücləndirilib. Ulu Öndərin rəhbərliyi ilə ordu quruculuğuna başlanılıb, eyni zamanda qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlər görülüb. Lakin Ümummilli lider qaçqın və məcburi köçkünlərlə görüşlərində, çıxış və məruzələrində dəfələrlə bəyan etmişdi ki, Azərbaycanın işğal olunmuş torpaqları azad olunacaq, qaçqın və məcburi köçkünlər öz doğma dədə-baba yurdlarına qayıdacaq".
Ə.Cəfərov qeyd edib ki, Ümummilli liderin inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib: "Ali Baş Komandanın uğurlu siyasəti və Ordumuzun rəşadəti sayəsində 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu və Azərbaycan tarixi qələbə qazandı. Bu Zəfərlə dövlətimizin ərazi bütövlüyü bərpa olundu. Hazırda işğaldan azad olunuş ərazilərdə davamlı və sürətli quruculuq, abadlıq işləri həyata keçirilir. Məcburi köçkünlər mərhələli şəkildə dada-baba yurdlarında dönürlər."
Daha sonra kənd sakinləri torpaqların azad olunmasına və Talış kəndində aparılan bərpa və yenidənqurma işlərinə görə dövlətimizin başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı əhalinin sualları cavablandırılıb, onlara hüquqi məsələlərlə bağlı izahlar verilib. Həmçinin bəzi müraciətlər həll olunaraq cavab verilməsi məqsədilə aidiyyəti qurumlara göndərilib.
Qeyd edək ki, səfər çərçivəsində Məhkləmə Hakimləri Assosiasiyaları İttifaqının üzvləri, həmçinin Tərtər Hərbi Məhkəməsinin inzibati binasında hakimlərin iş şəraitləri ilə də tanış olublar.
.jpg)
